Gəncədən MESAJ VAR: “Gizlətmirəm..."

4 Mart 2023 16:00 Kəpəz 1 202
Gəncədən MESAJ VAR: “Gizlətmirəm..."

Premyer Liqanın 25-ci turunun maraqlı görüşlərindən biri “Bank Respublika Arena”da baş tutacaq.

Oyun başqa vaxt keçirilsəydi, bəlkə də “Sabah”ın “Kəpəz”i rahatlıqla məğlub edib 3 xal qazanacağını düşünmək olardı. Lakin indiki vəziyyət fərqlidir.

Murad Musayevin çalışdırdığı kollektiv 3 oyundur qələbənin nə olduğunu bilmir. “Qarabağ”la heç-heçə edən “tələbələr” “Turan Tovuz”la “Şamaxı”ya boyun əyib.

Gəncəlilər isə yüksəliş dövrünə ayaq basıb. Doğma meydanda “Şamaxı”nı udan Tərlan Əhmədovun yetirmələri ardınca Sumqayıt səfərində yerli komandanı məğlub etməyi bacarıb.

Bir sözlə, psixoloji baxımdan fərqli durumda olan iki komandanın mübarizəsi gərginlik vəd edir. Meydan sahibləri uğursuzluğa son qoymaq, qonaqlar isə qələbələrin davamını gətirmək istəyir.

Məlum qarşılaşmadan öncə “Kəpəz”in idman direktoru Mehman Allahverdiyev Sportinfo.az-a açıqlamasında “Sabah” – “Kəpəz” görüşündə doğma komandasının hədəfini söyləyib:

“Komandanın son 2 oyunda qələbə qazanması hər birimizi sevindirir. “Şamaxı” və “Sumqayıt” üzərində əldə olunan qalibiyyətlərdən sonra komandada yüksək əhval-ruhiyyə hökm sürür.

Futbolçular öz gücünə inanır və gələcəyə ümidlə baxır. Bu gün bizim üçün vacib olan futbolçuların inamıdır.

O ki qaldı “Sabah”la oyuna, rəqibin hansı gücə sahib olduğunu hər kəs bilir. Çempionatın ən yaxşı komandalarından biridir.

Düzdür, son 2 oyunda uduzublar. Amma biz rəqibin udub-uduzmasına yox, öz oyunumuza baxırıq. Məqsədimiz uğurlu çıxışımızı davam etdirməkdir.

Gizlətmirəm, Bakıya qələbə dalınca gedirik. Hətta matç heç-heçə başa çatsa, bu, bizim üçün yaxşı nəticə hesab olunacaq”.

“Sabah” 24 turdan sonra topladığı 53 xalla ikinci pillədə qərarlaşıbsa, “Kəpəz” 20 xalla 7-cidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti