“Sumqayıt”la oyunda da gülən tərəf biz olacağıq”

20 Fevral 2023 19:40 Kəpəz 559
“Sumqayıt”la oyunda da gülən tərəf biz olacağıq”

“Kəpəz” vacib oyunda istəyinə çatmağı bacardı.

Bir həftə əvvəl qərb derbisində “Turan Tovuz”a 0:2 hesabı ilə məğlub olmaqla azarkeşlərini qəzəbləndirən “sarı-göylər” doğma meydanda “Şamaxı”nı üstələdi.

Halbuki, şamaxılarla qarşılaşmada yenilgi həm turnir cədvəlindəki mövqeyi bir az da ağırlaşdıracaq, həm də məşqçi və futbolçu heyəti doğma publikanın ciddi narazılığı ilə üzləşəcəkdi.

“Şamaxı” üzərində əldə olunan 3:2 hesablı qələbədə pay sahibi olanlarda biri də komandanın vacib fiquru Ahmed Ayzaya idi.

27 yaşlı nigeriyalı yarımmüdafiəçi qol vurmasa, asisst etməsə də, Georgi Kantariya ilə birgə orta sahədə böyük iş görməklə seçildi.

Ahmed Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini dilə gətirib:

“Qələbə qazandıq, amma etiraf edim ki, bu, heç də asan başa gəlmədi. Gördüyünüz kimi, rəqib istəkli və mübarizə aparmağı bacaran futbolçulardan qurulub.

Ötən oyunda “Turan Tovuz”a məğlubiyyət üzərimizdə böyük məsuliyyət yaratmışdı. Ona görə də bu matçda sonuncu oyun gözündə baxırdıq. Çünki qələbə bizə hava-su kimi lazım idi.

Məğlubiyyətsiz oyunlar seriyasına son qoymağımız yerinə düşdü. İndi əsas məqsəd yüksəlişi qoruyub-saxlamaqdır.

Turnir cədvəlinin sonuncu pilləsində yer almaq nə “Kəpəz”ə, nə də Gəncə futboluna yaraşır.

Durmadan üzərimizdə çalışırıq ki, qələbələrimizlə azarkeşlərimizi sevindirək. İnanıram ki, növbəti oyunda da gülən tərəf biz olacağıq”.

Növbəti turda “Sumqayıt”ın qonağı olacaq “Kəpəz”, “Şamaxı” üzərində qazandığı qələbə sayəsində sonuncu pillədən qurtulub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti