Bir müddətdir ki, "Kəpəz”in baş məşqçisi Tərlan Əhmədovla bəzi təcrübəli futbolçular arasında söz davası səngimir.
Mütəxəssisin müəyyən addımları təcrübəli futbolçuların narazılığına səbəb olub.
Aralarındakı münasibətlərlə bağlı mətbuata açıqlama verən həmin futbolçular Əhmədovun xarakterindən, onların incidilməsindən şikayətlənirlər. Həmin futbolçulardan biri də Əli Səmədovdur.
Hazırda "Kəpəz”in akademiyasının koordinatoru vəzifəsində çalışan İlham Səmədovun oğlu Əli də baş məşqçinin "qara siyahı"sına düşmüş futbolçulardandır.
Mövsümün əvvəlində kapitanlıq sarğısı ilə oyunlara çıxan oğlunun bu şəkildə kənarlaşdırılması təbii ki, ata Səmədovu narahat etməyə bilməz.
Sportinfo.az xəbər verir ki, bunu qaynarinfo-ya açılamasında futbolçunun atası da etiraf etdi. O, oğlunun durumundan çox narahat olduğunu bildirir:
"Vallah, inanın ki, bununla bağlı heç nə deyə bilmirəm. Çünki Tərlan Əhmədovun onu əsas heyətə buraxmamasının səbəbini dəqiq bilmirəm. Uşaq məni yaxın buraxmır.
Əlbəttə, mən də bir valideyn kimi istəyərəm ki, Əli əsas heyətdə oynasın. O da ailə qurmalı, pul qazanmalı, futbol oynamalıdır.
Ancaq dəqiq səbəb deyə bilmirəm. Bəli, o, əsas heyətdə kapitan idi. Sonradan niyə heyətə buraxılmadığını anlamadım”.
Səmədov oğlunun başqa kluba keçib-keçməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:
"Onun öz qərarları var. Bu məsələni 1 həftə, 10 gündən sonra məşqçi ilə danışacağıq. Mən hazırda "Kəpəz”in akademiyasının koordinatoruyam.
Əlbəttə, valideyn kimi öz işimdən daha çox məni Əlinin vəziyyəti narahat edir. Ancaq inanın ki, konkret səbəb bilmirəm.
Yaşananların necə bitəcəyini gözləyirəm. Ola bilər ki, Əlinin oyunu baş məşqçini qane etməsin. Bu məsələ ilə bağlı rəhbərliklə danışmışam.
Deyiblər ki, narahat olmayın, yoluna qoyulacaq. Ancaq Tərlan Əhmədovla hələ ki, bu barədə söhbətim olmayıb. Fasiləyə yaxın onunla da danışacağam”.

