Tərlan Əhmədovun gəlişindən sonra "Kəpəz"də yaranan canlanmanı inkar etmək haqqsızlıq olar.
Komanda indi daha baxımlı, daha inadkar və mübariz ruhda təsir bağışlayır.
Futbolçuların hədəfləri, məqsədləri meydanda sezilir. Bəlli dəsti-xətt var.
Bunu nəinki mən, hətta bütün futbol adamları haqqlı olaraq dilə gətirir.
Lakin futbol yalnız bununlamı bitir?
Yekun qiymət tabloda göstərilənlər deyilmi? Təbi ki, elədir.
Bəs, orada nə görürük?
Böyük boşluq!
Əvvəla, Əhmədovun komandası kifayət qədər münasib sayılacaq rəqib olan "Turan Tovuz"la mübarizədə məğlub olaraq ölkə kuboku ilə vidalaşdı. Halubki "Qarabağ" və "Sabah" kimi iddialıların kənarda qaldığı yarışda qışdan sonra ciddi nəticə ilə yadda qalmaq olardı.
Nəzərə alaq ki, ölkə kubokunda mübarizə gələn ilin aprelində start götürəcək. Qışda öz komandasını quracaq baş məşqçi həmin dönəmə kimi yaxşı kollektiv formalaşdıra bilərdi. Əla fürsət ilk addımdaca əldən buraxıldı.
Premyer Liqada vəziyyət necədir? Burda da güllü-gülüstanlıq olduğunu deyə bilmərik.
Sadəcə Yaşar Vahabzadədən komandanı təhvil alanda olduğu sonuncu pillədəm 1 addım (bir xal) öndə qərar tutublar!
Deməli, hələ təriflənməyə, bəh-bəhlə nəğmələr qoşmağa çox var. Tələsmək olmaz. Baş məşqçinin kollektivə gətirdiyi müsbət elementləri sadaladığımız kimi, boşluqları da dilə gətirmək mütləqdir.
Təəssüf ki, gəncəli azarkeşlər də hər tənqiddə küsür, inciyir, qərəz axtarır. Əmin olun ki, xətriniz əzizdir. Hörmətimiz isə sonsuz. Amma düz sözü deməyimizə nə o əziz xətir, nə də sonsuz hörmət mane olmamaldır/ olmur!
XANOĞLAN İMANOV

