"Kəpəz"in qalmaqalsız bir günü yoxdur.
Bu dəfə klubun azarkeşi ilə rəsmisi arasında gərginlik yaranıb.
Belə ki, komandanın Kərim adlı azarkeşi öz sosial şəbəkə hesabında paylaşım edib.
Postun məğzi (özü olduğu kimi fotolarda yer alıb) ondan ibarətdir ki, klub rəhbərliyi, sabiq çalışdırıcı Yaşar Vahabzadə və AFFA rəsmiləri mövsümün əvvəli klubu lazımsız transferlərlə doldurub.
İndi isə baş məşqçi Tərlan Əhmədov həmin səhvləri düzəltmək istəyir. Sadəcə, ona dəstək olunmur. Bir sözlə, Əhmədov olub qəhrəman rolunda, rəhbərlik isə günahkar obrazında.
Çox çəkməyib ki, paylaşıma klub rəsmisi Elmar Əliyevdən reaksiya gəlib. Klubda mühafizənin rəisi vəzifəsində çalışan Əliyev "Sən kimsən ağzına gələni yazırsan.
Xahiş edirəm, hərə öz işi ilə məşğul olsun" sözlərini yazıb. Hətta davamında nömrəsini şərh bölməsinə yerləşdirərək "Zəng vur, sənə izah edim" sözlərini əlavə edib.
Davamında nələr olduğunu təbii ki, bilə bilmərik. Tərəflər danışdı, razılaşdı, anlaşdı bunu özləri bilər.
Amma başverənlər bir daha onu təsdiqləyir ki, klubda iki cəbhə bir-biri ilə mübarizə aparır. Söhbət klubun İdarə Heyətinin sədri İlqar Nadiri və baş məşqçi Tərlan Əhmədovun qarşıdurmasından gedir. Hər nə qədər bunu inkar etməyə, başqa görüntü yaratamağa çalışsalar da.
SPORTİNFO.AZ

