“Gərgin və maraqlı oyun olduğunu düşünürəm.
Startda qapımızda 2 qol görməyimizə baxmayaraq, fasiləyə qədər hesabı bərabərləşdirməyi bacardıq”.
“Kəpəz”in yarımmüdafiəşisi Fərid Nəbiyev Sportinfo.az-a açıqlamasında komandasının Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Turan Tovuz”a qarşı baş tutan matçını dəyərləndirib.
İlk hissədə qapılara 4 qol vurulsa da, ikinci yarıda qol səsi çıxmadı. Halbuki, Rəvan Həmzəzadə penalti nöqtəsini göstərsəydi, oyunun axarı fərqli istiqamətə yönələcək, bəlkə də iş penalti zərbələrinə qədər uzanacaqdı.
Tovuzda dublla yadda qalan Nəbiyev vurduğu qollara görə sevinmədiyini deyərək hakimi diqqətsizlikdə günahlandırıb:
“Əlbəttə, dubl etdiyim üçün xoşbəxtəm. Amma həmin qollar bizi yarımfinala aparmadı. Təki mərhələni keçərdik, mən qol vurmasaydım da olardı.
Qalib də gələ bilərdik. Oyunun sonlarındakı epizodun 100 faiz penalti olduğunu hər kəs gördü. Təkcə hakimdən başqa. Allah böyükdür. Əsas odur rəqibin qarşısında aciz qalmadıq və sona kimi mübarizə apardıq”.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən “Turan Tovuz” doğma azarkeşləri önündə bu rəqiblə 2:2 bərabərə qalmaqla yarımfinalda “Neftçi”yə rəqib olub.
HƏBİB

