Tərlan Əhmədovla bağlı “Kəpəz”də yaşananlar hər kəsə məlumdur.
Bir gün futbolçu ilə yola getmir, digər gün məşqçilər heyətindən kiminləsə ulduzu barışmır.
Və bunlar normal olaraq mətbuata kimi gəlib çatır.
Birini gizlədə bilirlərsə, beşini mətbuat əldə edib, işıqlandırır.
Nədənsə həqiqəti yazmaq kimlərdəsə qıcıq yaradır. Sanki Əhmədovun yeni "müdafiə dəstəsi" yaranıb. Bəlkə də yaradılıb...
Burasını çalışdırıcı özü bilər, Allahı bilər.
Bu barədə nəyisə iddia etmək fikrim yoxdur.
Mənim bildiyim odur ki, həmin dəstənin tələbi absurddur. Belə ki, həmin kütlə baş məşqçi haqqında yazılanları qərəzli hesab edir. Elə fikir formalaşdırılır ki, sanki hamı bir nəfər kimi Tərlan bəyə qarşı birləşib və “Kəpəz”in uğurun istəmir.
Əsla bu belə deyil. Elə illərdi “Kəpəz”in xoş günlər görmək istəyini yuxarı dairələrə çatıdırmaqla məşğul olan bizlərik. Gəncəyə böyük futbolun yaraşmasını dilə gətirənlər də. Bu da dildə bağlanan qabarın "sağ ol"u? Heç gözləmirik də. Sadəcə, ədalətli olmaq yetər.
Baş məşqçi barədə yazılanların demək olar hamısı hansısa futbolçunun, məşqçinin dilə gətirdiyi ifadələrdi. Yəni, məlumatı verən mənbə aşkardadı – futbolçular və məşqçilər.
Əgər bu gün hansısa futbolçu, azarkeş, məşqçi ilə bağlı dərdini bizə demək istəyirsə, biz də bunu işıqlandırmağa borcluyuq. İşimizin ana xətti budur.
Təbii ki, bura qarşı tərəfinin mövqeyni almaq da daxildir.
Ala bilirikmi? Qəti!
Tərlan Əhmədovla bağlı təkcə Gəncədə yox, daha əvvəl işlədiyi ünvanlarda da fikirlər birmənalı olmayıb.
Haqqında müxtəlif mənfi hadisələr KİV-in manşetlərini bəzəyib. Müxtəlif klublar, müxtəlif futbolçular, fərqli camiələr hamısı yalan danışdı, bircə, Tərlan müəllimdən başaqa?
Bunu da keçək.
Kollektivdən kimi dindirsən ondan qan ağlayır. O, özü isə mətbuata başverənlər barədə heç nə demək istəmir, heç nə olmayıbmış kimi davranır və susur! Susmaq da razılıq əlamətidir. Bu, nə bu gün, nə də dünən yox, elə bineyi - qədimdən belədir.
XANOĞLAN İMANOV

