“Kəpəz” dəyişikliklər astanasındadır.
Baş məşqçi Tərlan Əhmədov yayda Yaşar Vahabzadənin istəyi ilə komandaya cəlb olunan yerli futbolçuların bir neçəsini sərəncamında görmək istəmir.
Hələ sentyabrda – təyinatının ilk günlərində Rauf Əliyevi əvəzedici komandaya göndərən baş məşqçi, ardınca Əli Səmədovla Elvin Yunuszadəyə də eyni istiqaməti göstərdi.
Son “partlayış” isə Əfran İsmayılovla oldu. “Kəpəz”in baş məşqçisi sabiq milli üzvünü də sərəncamında görmək istəmir.
Əldə etdiyimiz bilgiyə görə, siyahıda Tural Rzayevlə daha bir nəfərin adı var. Baş məşqçi qış fasiləsində 6 nəfərlə yolların ayrılmasında maraqlıdır.
Bu futbolçular yola salınmalıdır ki, onların əvəzinə yeniləri gətirmək mümkün olsun.
Tərlan Əhmədovun istəyinin həyata keçəcəyi inandırıcı görünmür. İş burasındadır ki, təcrübəli futbolçuların heç biri müqaviləyə qış fasiləsində xitam verilməsinə razı deyil.
Yayda 1 illik müqaviləyə imza atan futbolçular anlaşma şərtlərinə uyğun addım atıb yaya qədər “Kəpəz”də qalmağı düşünür.
Vəziyyət bu cür olacağı halda klubun İdarə Heyətinin sədri İlqar Nadiri baş məşqçinin istədiyi futbolçuları gətirmək üçün ya əlavə pul mənbəyi tapmalıdır, ya da Əhmədovu fikrindən daşınmalıdır.
Hər halda, hadisələrin bundan sonrakı axarı maraqlı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

