Məlumat verdiyimiz kimi, «Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov daha bir futbolçunu əsas komandadan kənarlaşdırıb.
O, bu dəfə Əfran İsmayılovu düşərgədən kənarlaşdırıb.
Beləcə, çalışdırıcının qəzəbinə tuş gələnlərin sayı 4-ə çatıb. Rauf Əliyev, Əli Səmədov və Elvin Yunuszadənin ondan öncə bu aqibəti yaşamasını qeyd edək.
Yayda birillik müqaviləyə imza atmış Əfran bundan sonra vaxtını əvəzedici heyətdə keçirəcək.
Əfranın bu aqibəti yaşamasına səbəb klubdaxili iclasda yaşanan hadisədir. Belə ki, Əhmədov son oyunlara həsr olunan toplantıda əksər futbolçuları «ağ yuyub, qara sərib».
Baş məşqçi zədə səbəbindən əksər oyunları buraxan İsmayılovu özünü yaxşı aparmamaqda suçlayıb.
Bildirib ki, o, işinə barmaqarası yanaşır, tezliklə meydana dönməyə ürəklə hazırlaşmır və bu azmış kimi, komanda yoldaşlarına pis münasibət göstərir.
Çalışdırıcı hətta iddia eləyib ki, Əfran bəzən onların ünvanına təhqiramiz ifadələr işlədir. Millinin sabiq yarımmüdafiəçisi, gözlənildiyi kimi, ünvanına səslənən iradların heç biriylə razılaşmayıb.
Yerindən ayağa qalxan vinger baş məşqçinin üzərinə yeriyib, ona şər-böhtan atdığını bildirib. Köməkçilərin araya girməsi «söz atışması»nın dava-dalaşa çevrilməsinin qarşısını alıb.
SPORTİNFO.AZ

