“Kəpəz”də bıçaq sümüyə dirənib.
Hadisələrin diqqət mərkəzində klubda futbolçu və rəsmilərlə münasibətləri korlanan Tərlan Əhmədovdur.
Rauf Əliyevlə Əli Səmədovu əvəzedici komandaya göndərib, Elvin Yunuszadəni da onların arxasında yol salan baş məşqçi bu dəfə kollektivin tanınan və sevilən futbolçularından biri ilə kəllə-kəlləyə gəlib.
Gəncədəki etibarlı mənbədən aldığımız bilgiyə görə, bir neçə saat əvvəl paltardəyişmə otağının iclas zalında şou yaşanıb. Əhmədovun komandaya münasibətindən və davranışlarından narazı olan hələlik adı gizli saxlanılan futbolçu baş məşqçi ilə söz savaşına çıxıb. Bir-birinə olmazın sözlərini deyən tərəfləri komandanın digər üzvləri sakitləşdirib.
İnsidentin baş vermə səbəbini və qalmaqalda iştirak edən futbolçunun kimliyini aydınlaşdırmağa çalışırıq. Mövzuya qayıdacağıq.
HƏBİB / SPORTİNFO.AZ

