Qurban Qurbanovun üstünlüklərindən biri “Qarabağ”ın məğlub olduğu oyunlardan sonra futbolçularından razılığını dilə gətirməsi, məğlubiyyətə obyektiv səbəblər göstərməsidir.
Hətta komandasında ciddi problem olanda belə, detallara varmadan növbəti matçlarda uğurlu nəticəyə ümid edəcəyini deyir.
Lakin hər özünə məşqçi deyən kəs onun kimi deyil.
Əksəriyyəti özünü böyük məşqçi sandığı halda, ayağı büdrəyən kimi ya futbolçuları güllənin qarşısına verir, ya da yükü boynundan atıb oxların rəhbərliyə yönəlməsini istəyir. “Kəpəz”in çalışdırıcısı Tərlan Əhmədov kimi.
Gəncəyə gəldiyi ilk günlərdə komandasının oyununda irəliləyiş müşahidə olunurdu. Və həmin irəliləyiş sonradan qələbə və heç-heçələrə gətirdi.
Di gəl, son vaxtlar komanda daxilində vəziyyətin ürəkaçan olmaması, baş məşqçinin hamıya düşmən kəsilməsi, gözlərinin özündən başqa heç kimi görməməsi vəziyyətin kəskin dərəcədə dəyişməsinə səbəb olub.
“Kəpəz” Şamaxı səfərindən heç-heçə ilə qayıdandan sonra son 2 oyunda doğma meydanda “Sumqayıt”la “Turan Tovuz”a boyun əyib.
Təcrübəli çalışdırıcı oyunsonrası mətbuat konfranslarında olduqca narazı görünür. Hər cür bəhanə tapır, komandanın gücləndirilməsinə dair rəhbərliyə mesaj göndərir.
“Turan Tovuz”la oyundan sonra dedikləri:
"İki fərqli hissə oynayır komanda. Birinci hissədə daha istəkli, maraqlı, hücuma meyilli çıxış edir. Hesabda irəlidə olsaq da, ikinci hissədə tamamilə fərqli futbol oynadıq.
Şamaxıda da bunun şahidi olduq. Arxayınlıq yaranır. "Sumqayıt" ilə ev oyununda da eyni ssenari idi. Bu gün də ilk yarıda 1:0 hesabı ilə öndə olduğumuz halda fasilədən sonra istənilən kimi oynaya bilmədik.
Bəlkə də vura bilmədiyimiz penalti sınma nöqtəsi oldu. Ümumillikdə birinci hissədə üstünlükdən dolayı rahat oynadıq. Son üç oyunda komanda geri addım atır.
Bunun da uzun səbəbləri var. Bəlkə də məğlub olmamalı idik. 11 metrlik icra olunsaydı, komanda başqa cür nəticə əldə edə bilərdi.
Şanslar hələ ki, kubokda bərabərdir. Cavab görüşü var. Çalışacağıq məsələni öz xeyrimizə həll edək, növbəti mərhələyə keçək.
Komandaya yeni futbolçular cəlb olunmalıdır. Bəzi futbolçularda arxayınlıq var. Çünki mövqelərində oyunçu yoxdur. Yorğunluq da var.
Böyük ölçüdə komandaya bir neçə futbolçu cəlb olunmalıdır. Yeni nəfəs olmalıdır.
Hücum xəttində aqressivliyin olmaması, topa nəzarətin itirilməsi istər-istəməz həmin problemləri müdafiədə yaşamağımıza gətirib çıxarır.
Rəqib bizi əks-hücumda yaxalayıb boşluqlardan yararlanır. Problemi aradan qaldırmaq üçün bizə futbolçu lazımdır".
Bu, Tərlan Əhmədovun uduzduğu matçdan sonra mətbuat konfransında dedikləridir. İndi isə “Kəpəz”in baş məşqçisi qismində qalib gəldiyi oyunlardan sonra səsləndirdiyi fikirləri oxuyaq.
7-ci tur: “Kəpəz” – “Şamaxı” - 2:1
"Qələbə bizə hava-su kimi lazım idi. Son pillələrdə gedən iki komanda görüşürdü. Oyuna çox ciddi hazırlaşmışdıq. Son 6 turdakı məğlubiyyət psixoloji təzyiq yaratmışdı. Görüşün ilk dəqiqələrində qol buraxsaq da, imkanlarımız oldu. Geridönüş edə bildik. Uşaqlar çalışır nəyisə ortaya qoya bilsinlər. Mən istədiyim futbol topa daha çox sahib olmaq və rəqibi təzyiq altında saxlamaqdır. Hələ ki, istədiyim futbolu komandadan ala bilmirəm. Oyunun sonlarına doğru güc tükənir. Komanda konsentrasiyanı yavaş-yavaş itirməyə başlayır. İki həftəyə kollektivi bu səviyyəyə çatdırmışıq. Vaxt lazımdır. Futbolçu axtarışındayıq. Komandada rəqabəti artırmalıyıq. Hər halda bu qələbə "Kəpəz" üçün tramplin olacaq. Getdikcə qarşıda daha baxımlı futbol oynayan, daha istəkli, aqressiv "Kəpəz" görəcəksiniz".
12-ci tur: “Kəpəz” – “Səbail” – 3:0
“Turnir cədvəlində iki qonşu komanda qarşılaşırdı, rəqib bizdən çox da uzaqlaşmamalı idi. 4 ildən sonra ikinci ev oyununda Gəncə azarkeşlərinə qələbə bəxş etmək istəyirdik. Oyunun ilk dəqiqələrindən futbolçuların üzündə həyəcan, təzyiq hiss olunurdu. Oyunumuz alınmırdı. Amma getdikcə çalışdığımız qədər rəqibi əks-hücumda tutub oyunu öz tərəfimizə çevirməyə səy göstərirdik. Bu da tədricən öz bəhrəsini verdi. Düzdür, səhvlərimiz həddindən artıq çoxdur. Qələbədən dolayı futbolçularımı təbrik edirəm. Heyətimizdəki kasadlığa baxmayaraq komanda yaxşı mübarizə aparır. İstədiyim tam formaya nail ola bilməmişik. Bunun üçün zaman lazımdır. Ümumillikdə komanda istəklidir. Mübarizə aparır, yaxşı oyun nümayiş etdirməyə çalışır və bu məni sevindirir".
Azərbaycan kuboku: “Kəpəz” – “Sumqayıt” – 1:0
"Bu mərhələdə bir oyundan ibarət olan kubok mübarizəsi həmişə çətin olur. Hər iki komandanın şansları bərabər olur. İki fərqli hissə izlədik. Birinci hissədə biz üstün oynadıq, fasilədən sonra rəqib. Bu, açıq-aşkar görünürdü. İlk yarıda yaratdığımız qol epizodlarından lazımınca istifadə edə bilsəydik, bəlkə də ikinci hissədə bizim üçün daha asan ola bilərdi. Kubokun psixoloji oyun forması var. Bu gün qalib gəldiyimiz üçün çox sevincliyik. "Kəpəz"azarkeşlərini sevindirdiyimiz üçün xoşbəxtik. Mərhələ keçdiyimiz üçün futbolçularıma təşəkkür edirəm. Azarkeşlər də sağ olsunlar, bu ağır dönəmdə bizə dəstək olurlar. Komandamızın sona qədər mübarizə aparması, hesabı qoruması, düzgün oyun quruluşu məni sevindirdi".
Gördüyünüz kimi, “Kəpəz” qalib gəldiyi oyunlardan sonra baş məşqçi məmnun görünür. Futbolçularını təbrik edir, düzgün oyun quruluşundan, sona qədər aparılan mübarizədən və doğru yolda olmalarından danışır.
Uduzan kimi heyətin kasadlığı yada düşür, hansısa futbolçularda arxayınlığı qabardır.
Bir məşqçi üçün bunun nə demək olduğunu Tərlan Əhmədov da bilir, futboldan az-çox başı çıxanlar da.
HƏBİB

