İranlı legioner: "NARAHATAM"

28 Noyabr 2022 12:40 Kəpəz 419
İranlı legioner: "NARAHATAM"

Dünən Qətərdə futbol üzrə dünya çempionatı start götürdü.

Sportinfo.az xəbər verir ki, planetin bir nömrəli yarışına həmişə olduğu kimi diqqət yenə böyükdür.

Mundialda çıxış edəcək millilər arasında “Kəpəz”in üzvü Peyman Keşavarzinin təmsil etdiyi ölkənin – İranın yığması da var.

Müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında İran seçməsinin mundialdakı şanslarını dəyərləndirib. Amma ilk öncə diqqəti ölkəsində baş verənlərə yönəldib:

“Əvvəla onu deyim ki, bu gün İranda yaşananlarla bağlı həm mən, həm də həmyerlilərimiz narahatdır. Açığı, indi dünya çempionatına bir o qədər də maraq yoxdur.

Çünki hamı son olaylara görə çox məyusdur. Ümid edirəm ki, tezliklə hər şey düzələr, insanlar yenidən xoşbəxt və istədikləri kimi həyatlarını yaşamağa davam edərlər.

Millidə çıxış edən futbolçuların bəziləri xalqa dəstək oldu, amma bəziləri olmadı. Buna görə çox üzgünəm. Çünki xalq onlar udanda da, uduzanda da komandanın arxasında durub, dəstək verib.

Qaldı ki yığmanın çıxışı ilə bağlı gözləntilərə, elə fikirləşirəm qrupdan çıxmaq olar. Bunun üçün əla imkan da var.

Futbolçular qrupdan çıxa bilsələr, bunu bacarsalar, ölkənin bugünkü vəziyyətində insanlara çox böyük sevinc bəxş edərlər.

Milli üzvləri də bunu düşünüb qazanacaqları qələbələrin ölkə üçün nə qədər vacib olduğunun fərqində olsalar, dediyim kimi qrupdan çıxmaq mümkün olacaq.

Şans var, rəqiblər eyni gücə malikdirlər. İngiltərədən başqa açıq favorit yoxdur.

İran komandasına uğurlar arzu edirəm, inşallah, yaxşı nəticələr qazanıb azarkeşləri sevindirər”.

Digər Xəbərlər
Xəbər Lenti