"Kəpəz"lə bağlı iddia Tərlan Əhmədovla necə isbat olundu?

14 Noyabr 2022 20:40 Kəpəz 779
"Kəpəz"lə bağlı iddia Tərlan Əhmədovla necə isbat olundu?

"Bu komandanın potensialı daha böyükdür".

Yaşar Vahabzadənin çalışdırdığı "Kəpəz" haqqında yuxarıdakı fikir əksəriyyət tərəfindən dilə gətirilirdi.

Düzdür, buna əks çıxan kütlə də yox deyildi. Xüsusi ilə gəncəli fanatlar heyətin zəif olmasını israrla dilə gətirirdilər.

Amma Tərlan Əhmədovun qərb təmsilçisində çalışmağa başlamasından cəmi bir neçə həftə sonra iddianın nə qədər həqiqət olduğu açıq-aşkar ortaya çıxdı.

Birinci dövrə "Qəbələ"yə 0:3, "Səbail"ə 1:4, "Neftçi"yə 2:5 hesablı darmadağınla məğlub olan kollektiv bu gün tam əks nəticələr göstərir.

Həmin "Qəbələ" səfərdə büdrədilir (1:1), həmin "Səbail" darmadağın (3:0) edilir, həmin "Neftçi" 10 nəfərlə qalan rəqibini böyük çətinlik bahasını məğlub etməyin (2:0) sevincini yaşayır.

Və yaxud da ilk dövrə qərb derbisində asanlıqla təslim olan (0:2) Gəncə təmsilçisi bu gün həmin derbidə qeydə alınan qolsuz bərabərliyə üzülür. Düzdü, ilk dövrədə də baş məşqçi Əhmadov idi, sadəcə klubun başına yenicə keçmişdi. Bəs qısa müddətdə o, nəyi, kimi dəyişdi? Heç kimi!

Sadəcə heyətdə olanların hər birinin potensialını maksimum açmağa nail oldu. Proses hələ davam edir.

Futbolçular həmin futbolçulardı. Hələ bir qədər də zəifləmiş heyətdi deyə bilərik. Məsələn, Vahabzadənin əvəzedilməz sayılan Rauf Əliyev əvəzedici komandaya, Elvin Yunuszadə ehtyat skamiyaya göndərilib.

Artıq klubda əəldə olan materialın potensialını ortaya çıxara biləcək məşqçi var. Və bir doğru bənd bütün yanlış görsənən heyət fikrini kökündən dəyişməyə yetərli olur. İndi qalır davamını gətirmək.

Məncə, bu heyət artığına da qadirdir. Yetər ki, ortaya qoyulan doğru yanaşma kimi münasibətlərə də sona kimi doğru olsun. Əks halda çətin olacaq. Həm də çox çətin...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti