II Liqanın debütantı olan «Hypers» yeni baş məşqçisi ilə anlaşıb.
Elvin Həsənov komandanın sükanı arxasına gətirilib.
Onunla gələn ilin yayınadək qüvvədə olan müqavilə imzalanıb.
Gənc mütəxəssis Quba təmsilçisindən gələn təklifi qəbul eləməklə, bundan sonra paralel olaraq iki yerdə işləyəcək. Belə ki, eyni zamanda «Sabah»dakı fəaliyyətini davam etdirəcək.
Həsənov neçə ildir Masazır klubunun akademiyasında çalışır. U-15-in baş məşqçisidir.
«Hypers»ə gəlişi ilə köməkçisinə görədir. Belə ki, şimallıların aparıcı futbolçusu olan Cavid İmamverdiyev «Sabah»da Həsənovun köməkçisidir.
«Neftçi»nin keçmiş yarımmüdafiəçisi klub prezidenti Ayaz Abdullayevə onu məsləhət görüb.
Noyabrın ikinci yarısında Vüqar Nadirovla vidalaşan Quba klubunun rəhbərliyi növbəti dəfə diqqət mərkəzinə düşüb.
Əyalət təmsilçisi noyabrın 20-də görəvə gətirdiyi Zaur Hidayətovla yolları ayırıb.
Karyerası ərzində "Sumqayıt"ın futbol akademiyasının müxtəlif yaş qruplarını çalışdırmaqla yanaşı, əvəzedici komandanı da çalışdırmış, son ilyarımda isə "kimyaçılar"ın əsas komandasının skautu kimi fəaliyyət göstərmiş Hidayətovla işbirliyinə artıq rəsmən xitam verilib.
Bunun iki səbəbi var. 11-ci turda "Dinamo"nun qonağı olan qubalılar meydandan darmadağına ayrılıb - 1:4.
Amma kollektiv bu məğlubiyyətə çox da üzülməyib. Çünki bölgə klubu qalib gəlsəydi belə, aktivinə 3 xal yazdıra bilməyəcəkdi.
Bu, adı protokolda olmayana oyunçunun "Dinamo" ilə oyundan meydana çıxmasıyla bağlıdır. Söhbət 17 nömrəli futbolçu Nail Təhməzlidən gedir.
AFFA İntizam Komitəsi buna görə "Haypers Quba"ya 0:3 texniki məğlubiyyət verəcək.
Maraq üçün bildirək ki, region təmsilçisinin başına eyni hal bu mövsüm ikinci dəfədir gəlir.
Belə ki, AFFA İntizam Komitəsi birinci turda "Araz Saatlı"nı 3:2 məğlub etdiyi görüşdə "Haypers Quba"ya texniki məğlubiyyət vermişdi.
SPORTİNFO.AZ