Azərbaycan millisi üçün zülmət gecənin işıqlı sabahı...

16 Sentyabr 2023 07:50 Milli komanda 982
Azərbaycan millisi üçün zülmət gecənin işıqlı sabahı...

Atalarımız "hər bir zülmət gecənin işıqlı sabahı var” deyiblər.

Azərbaycan millisi üçün də həmin o zülmət gecələrin işıqlı sabahı yoxlama görüşləridi.

Bizim üçün fərq etmir. Avropanın güclüsüdür, yoxsa ortababları.

Nəticəsi rəqib üçün önəm daşıyan qarşılaşmalarda uduzan tərəf biz oluruq. Ona görə də ümidimiz ya aşkar autsayderlərlə oyuna qalır, ya da yoxlama görüşlərinə.

Canni De Byazinin rəhbərliyi altında milli komandamız ardıcıl beş görüşdə qələbə qazanmışdı. İtalyan çalışdırıcı və onun AFFA-dakı havadarları toy-bayram edirdi. Çal oynasın, Canni əmi. Həmin o beş oyundan üçü Millət Liqasının qrupunda turnir baxımından heç bir əhəmiyyət kəsb etməyən görüşlər idi. Digər iki qələbə isə Moldova və Şimali Makedoniya ilə oyunlara təsadüf edirdi. Sonrasını siz də bilirsiz. Avropa çempionatının seçmə mərhələsi başlayan kimi bizə "yerimizi” göstərdilər. Həmin yer də mübarizə aparmağa çalışdığımız qrupun "zirzəmisidir”. İsveçlə Avstriyaya böyük hesabla uduzmuşuq, Estoniya ilə doğma meydandakı görüşdə məğlubiyyətdən canımızı güclə qurtarmışıq. Belçika ilə oyunda minimal hesabla uduzmağımıza sevindik. Bəli, bizi elə günə salıblar ki, böyük hesabla məğlub olmayanda sevinirik.

Bu gün qrupda sonuncu pillədə olmamağımızın tək səbəbi estonların son iki qarşılaşmada darmadağınla uduzmasıdır. Əsas rəqibimizlə Tallindəki oyun bizim üçün "ölüm-qalım savaşı”na çevrilib. Estonlardan səfərdə xal ala bilməsək, qrupun (həm də ki, quyunun) lap dibinə yuvarlanacağıq. Çətin ki, ordan çıxa bilək. Belçikə, İsveç və Avstriya qrupdakı ilk iki yerdən birini tutmaq üçün mübarizə aparırlar, hazırkı şəraitdə bizim onları büdrətməyimiz, onlardan xal almağımız real görünmür. Belə bir vəziyyətdə İordaniya ilə yoxlama görüşündə üz-üzə gəlməyimiz, özü də bu qarşılaşmanın Bakıda keçirilməsi bizim üçün göydəndüşmə fürsət idi. İordan çayının şərq sahillərindən gələn qonaqları "Dalğa Arena”nın kələ-kötür qazonunda çətinliklə olsa, məğlub etdik. Bununla da məğlubiyyətlərin ağrı-acısını unutduq. Ona görə də deyirəm ki, bu tip yoxlama oyunları bizim üçün zülmət gecənin işıqlı sabahıdır.
Ətraflı

Bəli, qələbə qazandıq. Bəs bu qələbə bizə gələcəyə ümidlə baxmaq üçün əsaslar verdimi? Azarkeşlik duyğularını bir kənara qoyanda, millimizin rəqibdən heç də üstün oynamadığını etiraf etməliyik. İnanmayanlar görüşün statistikasına da baxa bilər. Meydan sahibləri qələbə üçün alışıb-yansa da, rəqibi aşkar üstələyə bilmədi, ondan üstün görünməyi bacarmadı. Qapıya ilk zərbəni fasiləyə təxminən 10 dəqiqə qalmış vurmağı bacardıq ki, onda da "hədəfə” düşmədik. Birinci hissədə bizimkilər ümumiyyətlə, gücsüz görünürdülər. Bunu Belçika ilə ağır oyun keçirməyimizlə bağlamaq da özümüzü aldatmaqdan başqa bir şey deyil. Ayrı-ayrı detallar üzərində dayanmaq, epizodları daha dərindən incələmək mümkündür. Amma bunsuz da mənzərə hər birimiz üçün aydındır.

Azərbaycan millisinin üzvlərindən bir çox ayrı-ayrılıqda ölkənin aparıcı futbolçuları olsalar da, legioner həyatı yaşasalar da, onlardan normal komanda düzəltmək mümkün olmayıb. Bunu italyan Canni De Byazinin, ümumiyyətlə, hansısa əcnəbi mütəxissisin bacaracağı da inandırıcı deyil. Azərbaycan futbolu, o cümlədən də milli komandamız peşəkar və vətənpərvər yanaşma, həqiqi islahatlar gözləyir. Bunlar olmasa, zülmət gecələrin sayı çox olacaq. İşıqlı sabahlarımız isə elə bu cür təsadüflərə, yəni yoxlama görüşlərinə təsadüf edəcək (qaynarinfo).

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti