Cəmi bir A 4 vərəqinə sığacaq sülh sazişi

6 Noyabr 2023 03:40 Gündəm 772
Cəmi bir A 4 vərəqinə sığacaq sülh sazişi

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yəqin ki, bitməkdə olan 2023-cü ildə də imzalanmayacaq.

Cari ilin son iki ayında da belə görünür, möcüzə olmayacaq. Möcüzəlik əslində bir şey qalmayıb, yoxdur.

İlboyu yazdığımız kimi, barışıq sənədində, iki xalq arasında düşmənçilik səhifəsinin qapanmasında ən çox kaputulyant tərəf maraqlı olmalıdır. Çünki bu, ona 30 illik faktiki blokadadan qurtulub Azərbaycan və Türkiyə hesabına iqtisadi inkişafa və rifaha üz tutmaq şansı yaradacaq. Nədəni məlum: hələ heç bir dövlət sırf xarici ianələr və maliyyə “inyeksiyaları” sayəsində uzun müddət mövcudluğunu saxlaya bilməyib. Məsəl var, “Quyuya su tökməklə dolmaz, gərək su onun özündən çıxa”...

İndi Ermənistan da. Ara-sıra İrəvandan özünətəsəlli bəyanatları səslənir ki, guya Bakı ilə sülh sazişi olmadan da Türkiyə ilə sərhədlər açıla bilər. Boşuna gözləntidir. Belə bir şeyə rəsmi Ankara getməyəcək. Bu, həm “bir millət – iki dövlət” prinsipinin fəlsəfəsinə, həm də Şuşa Bəyannaməsinə mahiyyətinə ziddir. Başqa yandan, kim zəmanət verə bilər ki, qardaş məmləkətlə əlaqələr qurub Fransa, İran və Hindistandan aldığı silahlar sayəsində özünə gələn, güclənən Ermənistan Azərbaycana qarşı təzədən işğalçı niyyətə düşməyəcək?

“Velosiped kəşf eləməyə”, dağa-daşa çıxmağa isə lüzum yox. Sülh sənədinin “skeleti”ni Azərbaycan 44 günlük müharibə bitəndən az sonra masaya qoyub – beynəlxalq hüquqdan qaynaqlanan 5 təməl prinsip. Cəmi bir A 4 vərəqinə sığacaq o təklifləri əsas götürüb də imzaları atmaqla Bakı-İrəvan, Ankara-İrəvan münasibətlərində erməni xalqı üçün tamamən yeni səhifə açıla bilər...

Deyəsən o gün Nikol Paşinyan bəyan eləmişdi ki, üç prinsip artıq razılaşdırılıb. Amma bu məhz Bakının təklif elədiyi prinsiplər olmalıdır, İrəvanın yox! Əks halda, yenə havayı vaxt itkisi olacaq Ermənistan üçün. Üstəlik, xunta rejiminin özünü buraxmasından sonra Paşinyan hökuməti üçün “özfəaliyyətə”, burcutmağa zərrəcə yer qalmayıb.

İlahi ədalət də tam bərqərardır: azərbaycanlılara qarşı etnik təmizləmə aparıb monoetnik dövlətə çevrilən Ermənistanın qarşısında indi “artsax”sız-martsaxsız Azərbaycan dayanıb. Qarabağda yenə erməni əhalinin yaşamasını, – özü də Azərbaycana bayrağı altında yaşamasını, – istəyirsinizsə, onda zəhmət çəkin Ermənistandan qovduğunuz soydaşlarımıza da eyni hüququ və statusu tanıyın. Başqa variant olmayacaq! Yoxsa erməni göydən zənbillə düşməyib ki.

Qısası, sülh müqaviləsinə Qarabağla bağlı hansısa cümlənin və ya bəndin salınacağı illüziyası ilə yaşamaq yetər. Özünü aldatmağa dəyməz, sənəddə “Qarabağ”ın “q”sı da olmayacaq! Olacaqsa, demək, Qərbi Zəngəzur, Göyçə də olacaq...

“Artsax ermənilərinin mümkün qayıdışı məsələsi 10 noyabr tarixli bəyanatın 7-ci bəndində təsbit olunub, lakin sülh müqaviləsində bu barədə söhbət olmayıb və yoxdur”.

Bunu Ermənistanın xüsusi təyinatlı səfiri Edmon Marukyan 24 news.am-a müsahibəsində sülh müqaviləsi çərçivəsində ermənilərin Qarabağa mümkün qayıdışının müzakirə edilib-edilməməsi sualına cavab verərkən bildirib.

“Düşünmürəm ki, bu məsələ Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi kontekstində müzakirə mövzusu olsun. Bu insanların hüquqları məsələsi qalır, lakin Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı məsələlər sırasında müzakirə olunmaya bilər. Ayrı-ayrılıqda müzakirəsi isə mümkündür. Biz indi yeni reallıqlar dövründə yaşayırıq”, - Marukyan qeyd edib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin geri qayıtmaq, ev, torpaq hüququ var: “Bütün bunlar beynəlxalq hüquqla qorunur. Məsələ BMT-də və digər yerlərdə Ermənistan nümayəndə heyətləri tərəfindən qaldırılır” (Stop! Eyni hüquq Ermənistandan qovulan azərbaycanlıların da var, cənab Marukyan!)

Mifik rejimin “dövlət institutları”nın saxlanması məsələsinə gəlincə, Marukyan bildirib ki, Ermənistanda bu mümkün deyil. Sitat: “Ermənistan akkreditasiyadan keçmiş diplomatik qurumları olmayan (tanınmayan – red.) ölkələrin qurumlarını öz ərazisində saxlaya bilməz. Ermənistanın milli təhlükəsizliyi kontekstində ərazimizdə belə formada qurumların formalaşdırılması və saxlanması düzgün deyil. Bəli, mühacirətdə olan hökumətlər olub, var. Olsun. Amma bunun Ermənistanla heç bir aidiyyəti yoxdur”.

Beləcə, nə qədər ağır da olsa, qarşı tərəfdə gerçəyin dərki prosesi gedir. Qarışqa sürəti ilə də olsa, ağıllanmağa başlayıblar. Əlbəttə ki, “Dəmir yumruq” və “polad şillə”lərin sayəsində...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"