Kişi voleybolçularımız İslamiadanın yarımfinalına yüksəldi

20 May 2017 08:48 İslam Oyunları 407
Kişi voleybolçularımız İslamiadanın yarımfinalına yüksəldi

İslam Həmrəyliyi Oyunlarında kişilər arasında voleybol yarışının qrup mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, yarışın yarımfinalına “A” qrupunda Azərbaycan və Türkiyə, “B” qrupunda isə İran və Əlcəzair milli komandaları vəsiqə qazanıblar.

Qrup mərhələsinin sonuncu turunda “A” qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Türkiyə millisi hər üç setdə böyük fərqlə qələbə qazanıb - 25:15, 25:8, 22:6. Fələstin yığması sonuncu set başa çatmamış qarşılaşmanı davam etdirmək istəməyib. Beləliklə, Türkiyə voleybolçuları oyunda 3:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.

Bu qrupun digər oyununda Türkmənistan və Pakistan yığmaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Pakistan voleybolçuları oyunu öz xeyrinə başa vurublar - 3:1. İlk iki seti (25:22, 25:22) aktivinə yazdıran pakistanlı voleybolçular üçüncü setdə 24:26 hesabı ilə məğlub olublar. Lakin Pakistan millisi dördüncü setdə gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıb. Lakin bu qələbə pakistanlı voleybolçulara qrupdan çıxmaq üçün kifayət etməyib.

“B” qrupunda isə Mərakeş millisi Qətər yığmasına 3:1 (25:18, 25:22, 21:25, 25:18) hesabı ilə qalib gəlsə də qrupdan çıxa bilməyib. Günün sonuncu oyununda Əlcəzair və Səudiyyə Ərəbistanı komandaları üz-üzə gəliblər. Oyunda 3:1 (25:20, 25:16, 20:25, 25:18) hesabı ilə qələbə qazanan Əlcəzair millisi adını yarımfinala yazdırıb.

Bu qrupdan yarımfinala yüksələn digər komanda İran millisi olub. Mayın 20-də keçiriləcək yarımfinal mərhələsində finala vəsiqə uğrunda Azərbaycan-Əlcəzair və Türkiyə-İran görüşləri keçiriləcək. Kişilər arasında voleybol yarışına mayın 21-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"