Azərbaycandakı səfir Maradonadan yazdı: “Hər zaman qəlbimizdə qalacaq”

27 Noyabr 2020 17:20 Hadisə 402
Azərbaycandakı səfir Maradonadan yazdı: “Hər zaman qəlbimizdə qalacaq”

"Bütün argentinalılar və futbol sevərlər bugün çox qəmgindirlər.

Prezident Fernandes tərəfindən elan edilmiş 3 günlük milli matəm günü Dieqo Armando Maradonanın əbədi xatirəsini yad etmək üçün yetərli olmaz".

Sportinfo.az xəbər verir ki, bu barədə Argentina Respublikasının Azərbaycandakı səfiri Sergio Perez Qunellanın Dieqo Armando Maradonaya həsr edilmiş məqaləsində deyilir.

Diplomat qeyd edib ki, 25 noyabr tarixində bütün zamanların ən yaxşı futbolçusu və 20-ci əsrin sonları mədəniyyətinin qlobal və bənzəri olmayan ulduzu 60 yaşında Buenos Ayres yaxınlığında, Tiqre şəhərində öz evində vəfat edib.

“Maradona 1960-cı ildə Lanus şəhərində anadan olub, Villa Fiorita adlı sadə bir qəsəbədə böyüyüb. Uşaq yaşlarından topa olan marağı ilə fərqlənirdi və artıq 10 yaşında “Argentinos Juniors” klubuna qoşulur,

16 yaşında Birinci Liqada ilk oyununu sərgiləyir. Daha sonra Maradona “Boca Xuniors”da bir neçə il oynayır və karyerasını Avropada davam etdirir. Əvvəl Barselonada, 1984-cü ildə isə Neapol şəhərinə üz tutur.

Neapolda iki çempionatda komandasına qələbə qazandıraraq, bu şəhərin və bütün İtaliya futbolunun əfsanəsinə çevrilir. Neapol və Buenos Ayres bugün birlikdə kədər içərisindədir”.

Argentina səfiri qeyd edib ki, ümumilikdə, Diego 679 oyun keçirib, 345 qola imza atıb, 12 titul qazanıb.

“Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub və 1986-cı ildə Meksikada dünya çempionu olub, 1990-cı ildə İtaliyada isə komandası ikinci yeri tutub.

1986-cı ildə Meksikada keçirilən Dünya çempionatında o, bir idmançı kimi olduqca peşəkar oyun göstərərək, Argentina milli yığmasını çempionluğa doğru apardı.

Bu, dünya çempionatında Maradona beş qol vurdu, lakin hər birimiz İngiltərə yığmasının qapılarına vurulmuş iki qolu çox gözəl xatırlayırıq. İlk qolu oyundan sonra “Tanrının əli” ifadəsi ilə Maradona ömürlük yaddaşlarda həkk etdi.

İkinci qolu isə dünya idman tarixində ən çox təkrarlanan oyun olmaqla yanaşı, misilsiz bir ustalığın şah əsəridir. Malvin Adaları qarşıdurmasından dörd il sonra, ən mühüm futbol müsabiqəsinin dörddəbir finalında və İngiltərəyə qarşı sərgilənmiş ən yaxşı oyun və əldə edilmiş nəticə.

Hər bir argentinalı harada və kiminlə bu oyunu seyr etdiyini hər zaman xatırlayır, çünki şəxsi taleyimizin və kollektiv gələcəyimizin ömürlük dəyişdiyini hiss etdiyimiz həyatın o nadir anlarından idi.

Televiziyada bir neçə dəfə təkrar göstərilmiş oyunun bu hissəsi yazıçı Hernan Casciari tərəfindən “10.6 saniyə” adlı məqalədə belə şərh olunub: “İrəliləyiş optik illüziya ilə sürətli görünür, lakin oyunçu sürəti tənzimləyir, yavaşlayır və yanıldır.

Bu ziqzaqın dəqiqliyində gizli bir həndəsə var: küləyin istiqamətindəki dəyişiklik və ya qol saatının tribunalardan yansıyan əks işığı nəticəsində pozula biləcək sərtlik (…).

Oyunçu qırx dörd addım atdığını və təkcə sol ayağı ilə on iki toxunuş etdiyini bilir. O, oyunun 10 saniyə və onda altı qədər davam edəcəyini bilir. Daha sonra isə o, oyun vaxtının sonunadək onun kim olduğunu, kim olmasını və kim olacağını hər kəsə izah etməli olduğunu düşünür”.

Mübahisələr və qalmaqallara meylli olan, bizə bir çox maraqlı və hazırcavab ifadələr bəxş edən Maradona artıq aramızda deyil.

Ən güclü liderlərdən başlayaraq, ən sadə vətəndaşlara qədər hər kəsin Maradona ilə vida mərasimlərini dünyanın bütün aparıcı qəzetləri işıqlandırmaqdadır. Driblinq və topa sahib olmağın əvəzsiz ustadı hər zaman yaddaşlarımızda və qəlbimizdə qalacaq”.

Digər Xəbərlər
Xəbər Lenti