“Komandamıza və bütün personalımıza göstərdikləri fədakarlıq və mübarizə ruhuna görə təşəkkür etmək istəyirəm”.
Bu sözləri “Neftçi” – MOİK qarşılaşmasından (6:2) sonra Sportinfo.az-a açıqlamasında ordu klubunun futbolçusu Cavid Yadullayev deyib.
Çərşənbə günü Azərbaycan kubokunun II təsnifat mərhələsində baş tutan görüşdə “ağ-qaralar” I Liqa təmsilçisini böyük hesabla – 6:2 məğlub etməyi bacardı.
Hesab 3:0 “Neftçi”nin xeyrinə olarkən, qonaqlar 2 top vurub hesab arasındakı fərqi minimuma endirsə də, artığına gücü çatmadı. Nəticədə daha 3 qol vuran meydan sahibləri növbəti mərhələyə yüksəldi.
24 yaşlı müdafiəçi ağır yenilginin özləri üçün böyük təcrübə adlandırıb:
“Uduzsaq da, ailə kimi, komanda kimi meydanda birlik nümayiş etdirdik. Belə güclü rəqibə, böyük klub olan “Neftçi”yə qarşı oynamaq mənim üçün böyük təcrübə idi.
Stadion, azarkeşlər, yaradılan atmosfer hər şeyi açıq şəkildə göstərirdi. Hər bir futbolçunun arzusu belə böyük komanda ilə qarşılaşmaqdır.
Ümumilikdə, bu qarşılaşma mənim üçün inanılmaz bir təcrübə oldu. Bu təcrübə mənim inkişafıma və işimdə daha da yaxşı olmağıma müsbət təsir göstərəcək.
Oyun nəticəsinə gəlincə, bu, futboldur. Burada həm qələbə, həm də məğlubiyyət ola bilər.
Əsas məsələ bundan nəticə çıxarıb inkişaf etməyə davam etməkdir. Mən komandamla fəxr edirəm, çünki bu gün belə güclü rəqib qarşısında xarakter nümayiş etdirdik”.
MOİK-in futbolçuları dünya şöhrətli Vensan Abubakarın qarşısını kəsməkdə çətinlik çəkirdi. Nəticədə ulduz hücumçu meydanda olduğu 45 dəqiqə ərzində 2 qolla yadda qaldı.
Cavid isə bəzi epizodlarda Abubakarın qarşısını kəsməyə çalışır, hətta ona qarşı sərt oynamaqdan çəkinmirdi.
Baş məşqçi İlham Yadullayevin oğlu olan Cavid həmin anları belə xatırlayır:
“Abubakar peşəkar futbolçudur. Meydandakı toqquşmalar oyunun bir hissəsidir, burada ciddi problem yoxdur, peşəkarlıqdan irəli gəlir.
Belə rəqiblə oynayarkən səviyyəni qorumaq və onlara layiqli cavab vermək lazımdır”.
“Neftçi” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə” ilə qarşılaşacaq.
Oyun Zirə İdman Kompleksinin meydanında keçiriləcək və bir görüşdən ibarət olacaq.
HƏBİB

