Dünən xəbər verdiyimiz kimi, «Mingəçevir»in bir neçə futbolçusu saxlanılıb.
Belə ki, I Liqada mübarizə aparan komandanın bəzi oyunçuları gözaltına alınıb.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmaya cəlb olunub.
Redaksiyamız bu yöndə bəzi yeni məlumatlar əldə edib.
Saytımıza bəlli olub ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Yeddi futbolçu toplantının ardından Mingəçevirdən Bakıya gətirilib.
Bu, bizim üçün qətiyyən gözlənilən idi. Saytımız hələ dekabrın 20-də bu haqda oxucularımıza həyacan dolu həmin xəbəri çatdırıb (https://www.sportinfo.az/idman_xeberleri/qalmaqal/127254.html).
Bildirmişdik ki, UEFA Bakıya növbəti serkulyar məktub göndərib.
Avropa futbol qurumu həmin məktubda AFFA-nı I Liqa ilə əlaqəli bəzi yeni bigilərlə tanış edib. Belə ki, UEFA aşağı liqanın cari mövsümündə keçirilən 10-a yaxın oyunun nəticəsinin şübhəli olmasını qeyd eləyib.
Burada adı ən çox çəkilən komanda isə «Mingəçevir»dir.
Belə ki, təşkilatın daxilində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarından ibarət orqan müxtəlif leqal və qeyri-leqal bukmeyker kontorlarından məlumatlar toplayıb.
Bu zaman məlum olub ki, ayrı-ayrı ölkələrdən I Liqanın son 6-7 turuna külli miqdarda pul qoyuluşu edilib. Əsasən də «Mingəçevir»in məğlubiyyətlərinə böyük məbləğdə «stavka» qoyulub.
«Mingəçevir» 11 tura 6 xal toplayıb. «İşıqçılar» bu nəticə ilə turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə yuvarlanıb.
SPORTİNFO.AZ

