COP29

Moskvada Xankəndi mesajı

27 May 2023 08:40 Hadisə 1 730
Moskvada Xankəndi mesajı

Azərbaycanın hətta üzv olmadığı təşkilatlarda da nüfuz sarıdan Ermənistanı qat-qat geridə qoyduğu barədə dəfələrlə yazmışıq, demişik.

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında hər kəs bunun bir daha şahidi oldu.

Adında Ali olan təşkilatın ali qonaq kürsüsündə Azərbaycanın dövlət başçısı əyləşmişdi. İqtisadi Şuranın geniş tərkibdə iclasını açıq elan edən Rusiya Prezidenti Vladimir Putinin elə giriş nitqində “Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir. Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim”-deməsi ölkəmizin rolunun, mövqeyinin, cənab İlham Əliyevin yüksək reytinqinin böyük bir platformada növbəti nümayişi, həm də etirafı oldu.

Azərbaycan Prezidenti bir neçə gün əvvəl Litva Respublikasına rəsmi səfər etmiş, Avropanın önəmli dövlətində böyük sayğı ilə qarşılanmış, ikitərəfli münasibətlərin daha da irəli aparılmasını nəzərdə tutan mühüm sənədlər imzalanmışdı. Və...Avropa ilə savaş həddində olan Moskvada eynilə yüksək münasibət, diqqət. Dövlətimizin yürütdüyü siyasətin nəticəsi ortada, ikitərəfli əməkdaşlıq öz sözünü deyir.

Prezident İlham Əliyev 22 mayda Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda “Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək”-söyləyərək mühüm əməkdaşlıq mesajları verdi.

Dünən, 25 may tarixində isə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında ölkəmizin üzv olmadığı, dövlət başçısının ilk dəfə xüsusi qonaq statusunda çıxış etdiyi toplantıda sabit əməkdaşlıq əlaqələrindən danışdı. Özü də bildirdi ki, bu əməkdaşlıq yeni deyil, uzun illərdir inkişafdadır, “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir”. Ermənistan şirkətləri ardıcıllıqla Qərbin sanksiyalarına məruz qalır, burada əks qütblə əməkdaşlıq, daha doğrusu, asılılıq da mühüm rol oynayır. Çünki hətta Ermənistan rəhbərliyi də etiraf edir ki, ölkəsi öz yerini tapa bilməyib. Paşinyanın bu ayın əvvəllərində Praqadakı Transatlantik Əlaqələr Mərkəzində çıxışında dediklərini xatırladaq: “Qərb Ermənistanı Rusiyanın forpostu hesab edir, Şərq isə əmindir ki, biz qərbyönlü siyasət aparırıq”. Bax, bu durumdadır Ermənistan. Azərbaycana isə kimsə, nə vaxtsa yeri, mövqeyi, qəbul etdiyi qərarları ilə bağlı irad bildirə bilməz, çünki bəllidir: ikitərəfli, bərabərhüquqlu əməkdaşlıqdan keçir əlaqələrin uzunömürlülüyü.

Azərbaycanın dövlət başçısı bütün baş verənlərə rəğmən, Ermənistanın da normal cərgədə yer almasına etiraz etmir, hətta buna şans tanıyır. Bu, bölgədə sülhün, əmin-amanlığın bərqərar olması ilə bağlı uzaqgörən siyasətdən, strategiyadan qaynaqlanan humanist baxışdır. Elə Moskvadakı tədbirdə də Azərbaycan liderinin sülh gündəliyinin öz aktuallığını qoruduğunu bəyan etməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu xatırlatması bu məram-məqsədə xidmət edirdi.

Dövlət başçısı xatırlatdı ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu statistik rəqəmlər Ermənistanı yarızarafat “nümunə” göstərənlərə də Azərbaycanın nə qədər önəmli partnyor olduğunu bir daha xatırlatmaq üçün ciddi faktlar idi. O da unudulmamalıdır ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Dövlət başçısı ölkəmizin nəqliyyat-logistika infrastrukturunun bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verdiyini, Azərbaycanın Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu, 15 beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanının yaxın vaxtlarda modernləşdiriləcəyini və yükaşırmaların həcminin 25 milyon tona çatdırılacağını söyləməklə nəqliyyat qovşaqlarının üzərindəki ölkənin nə qədər böyük önəmə malik olduğunu dost-düşmənə eşitdirmiş oldu.

Əslində ciddi siyasətçilər ölkəmizin rolundan xəbərdardır. Məsələn, elə Rusiya Prezidenti bir neçə gün əvvəl iranlı həmkarı ilə uzunluğu 170 kilometr olan və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini birləşdirən Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və inşası haqda müzakirələr apararkən Azərbaycansız bu məsələnin baş tutmayacağını açıq ifadə etmişdi.

Sitat: “Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yük daşımalarına dair əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlığın tezliklə başa çatacağına ümid edirik. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq”.

Kimsə Ermənistanın “rolu və əhəmiyyəti”ndən danışırmı? Təbii ki, yox. Əksinə, Ermənistana çağırışlar edilir ki, başını döydüyün daşları ətəyindən tök, normal münasibətlərə qərar ver, Azərbaycanın iştirakı ilə reallaşdırılan nəhəng layihələrin bəhrəsini sən də gör! Ermənistan əgər kifli iddialarından əl götürərsə, onun dənizə çıxış imkanı da reallaşar, Azərbaycanın humanizmi sayəsində. Prezident də bəyan etdi: “Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır”. Boğulan, dalanda olan bir ölkə Xəzər vasitəsilə yükdaşımalarını həyata keçirmək şansı əldə edə bilər. Amma 44 km-lik Zəngəzur dəhlizini qapatmaqla faktiki olaraq öz yolunu kəsdiyinin fərqində deyil hələ də...

Azərbaycan Strateji əhəmiyyət daşıyan logistik layihələrə müəlliflik edir, bunu ABŞ, Avropa dövlətləri, Avrasiya bölgəsi, digər uzaq-yaxın ölkələr birmənalı şəkildə etiraf edir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi mövcuddur. Prezident onu da xatırlatdı ki, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətməklə nəyə nail olur? Faktiki olaraq heç nəyə! Həm dünyaya çıxış imkanlarından məhrum olur, həm böyük qazancdan...Vaxtilə Bakı-Tiflis-Ceyhan kəmərinin, sonra qaz kəmərinin, sonra Bakı-Tiflis-Qars qatarının ardınca baxa-baxa qaldılar, əgər indiki “yenilikçi” hakimiyyət də ənənəvi təcrid və düşmənçilik kursunu davam etdirəcəksə, onlara elə baxmaq qalacaq...

Dövlət başçısı Azərbaycanda 8 beynəlxalq aeroportun fəaliyyət göstərdiyinə diqqət çəkməklə, onlardan ikisinin işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikildiyini, doqquzuncu beynəlxalq aeroportun azad olunmuş Laçında tikildiyini və 2025-ci ildə istismara veriləcəyini anons etməklə həm ölkəmizin sürətli inkişafına, həm Ermənistanın işğal dönəmində darmadağın etdiyi ərazilərdə nəhəng layihələrin qısa müddətdə reallaşdırılmasına diqqət çəkmiş oldu, həm də Azərbaycan əsgərinin “ovcunun işindəki” Qafan aeroportunu neçə vaxtdır işə sala bilməyən ölkəyə “yerini bil” mesajı vermiş oldu.

Ermənistan baş nazirinin bu incə xəbərdarlıqlardan, diplomatik eyhamlardan nəticə çıxarmamasının qarşılığında daha sərt cavablar verildi. Dövlət başçısı səviyyəsində bildirildi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur, Azərbaycanın bu cür iddiaları yoxdur. “Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır” – cavabı öldürücü idi, anlayan üçün. Eyni zamanda ərazi bütövlüyünü təmin edib, sərhəd qapısını bərkitmiş Azərbaycanın qlobal dəhlizlərdən bəhs etdiyi bir durumda erməni tərəfin yenə də “köhnə palan içi” söküb, olmayan “Laçın dəhlizi” haqda nağıllar danışmağa cəhd göstərməsi də cavabsız qalmadı.

Sitat: “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”. Azərbaycan Prezidenti bir daha ağayana münasibətini sərgiləyərək “Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var”-deməklə daha bir şans verdi, qarşı tərəfin ağıllı mövqe sərgiləməsi üçün. Həm də nəzərinə çatdırdı ki, Azərbaycan heç bir dəhlizi bloklamayıb. “Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir”.

Diqqət etdinizmi, “Laçın-Xankəndi yolu”, “Xankəndi şəhəri...” Sonuncu dəfə Moskvada Xankəndi adını nə zaman eşitmişdik? İstisna deyil ki, qapalı görüşlərdə Azərbaycan Prezidenti dəfələrlə ermənilərin idbar toponimlə əvəzlədikləri Xanın şəhəri barədə danışıb, mövqeyini ifadə edib. Amma Nikol Paşinyan bəlkə də bilməyərəkdən Azərbaycan Prezidentinə ictimaiyyət üçün açıq olan müzakirələrdə XANKƏNDİ mesajı verməsi üçün imkan yaratdı, cavabını aldı. Bəli, o şəhərin adı Xankəndidir, tezliklə sahiblərini qarşılayacaq! Azərbaycan Prezidenti mayın 25-də Ali Avrasiya İqtisadi Şurasının Moskvadakı iclasındakı qətiyyətli çıxışı ilə mənə 2019-cu ilin 3 oktyabrında, “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında, elə prezident Putinin iştirakı ilə keçirilən toplantıda “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsini xatırlatdı. O zaman dedi və oldu. 2023-cü ilin 25 may Xankəndi çıxışının da davamı gələcək...Çünki Xankəndi də Azərbaycandır! (musavat.com)

Digər Xəbərlər
Xəbər Lenti