Azərbaycanın ən yaxşı idmançıları siyahısında yer alan tanınmış sima - 60!

15 Yanvar 2022 13:20 Hadisə 769
Azərbaycanın ən yaxşı idmançıları siyahısında yer alan tanınmış sima - 60!

Tanınmış Yunan-Roma güləşçisi, Azərbaycan Respublikasının əməkdar idman ustası və əməkdar məşqçisi İlham Umayevin 60 yaşı tamam olur.

Ötən əsrin 80-ci illərində Azərbaycan idmanının parlaq simalarından biri olan İlham Umayev 1962-ci il yanvarın 14-də Şabran rayonunda dünyaya gəlib.

O, 1972-ci ildən Bakının Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbində güləşlə məşğul olmağa başlayıb, fərdi məşqçisi respublikamızın əməkdar məşqçisi İqdam Ələkbərov olub.

1980-ci ilin avqustunda karyerasının ən böyük uğuruna imza ataraq Türkiyənin Bursa şəhərində keçirilən Avropa birinciliyində qızıl medal qazanıb.

Beynəlxalq uğurlarına görə 1980-ci ildə - 18 yaşında SSRİ-nin beynəlxalq dərəcəli idman ustası adına layiq görülüb.

1982-ci ildə isə Belarusda keçirilən Gənclərin Ümumittifaq İdman Oyunlarında Azərbaycanın şərəfini layiqincə qoruyaraq Yunan-Roma güləşində çempionluq sevinci yaşayıb.

Əsasən 48 kq çəki dərəcəsində yarışan və Bakının “Dinamo” cəmiyyətini təmsil edən İlham Umayev, ümumiyyətlə, ötən əsrin 70-80-ci illərində müxtəlif yaş qruplarında Yunan-Roma güləşi üzrə dəfələrlə SSRİ çempionu olub. O, həmçinin böyüklər arasında ümumittifaq və beynəlxalq yarışların, o cümlədən 1985-ci ildə İsveçdə keçirilən Dünya kubokunun, İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirlərin qalibi və mükafatçısı, Azərbaycan və SSRİ güləş yığmalarının üzvü olub.

80-ci illərin əvvəllərində ilin yekunlarına əsasən, Azərbaycanın ən yaxşı idmançıları siyahısında yer alıb.

“Güləşmək istəyirəm, ata” (1997) kitabında İlham Umayev güləşçi kimi belə xarakterizə olunur: “Güləş xalçası üzərində sürət və mükəmməl texnika İlhamı yaşıdlarından fərqləndirirdi. O, fəndləri bir göz qırpımında elə sürətlə işlədirdi ki, ən adlı-sanlı rəqibləri belə müdafiə olunmağa macal tapa bilmirdilər”.

O, həmçinin Birinci Qarabağ müharibəsinin veteranıdır.

Rasim Mövsümzadə

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!