Ermənistan bayrağını özünə qalstuk etdi, indi ara qarışdırır

16 May 2021 12:50 Hadisə 977
Ermənistan bayrağını özünə qalstuk etdi, indi ara qarışdırır

Konqresmen David G. Valadao ermənilər üçün o qədər canfəşanlıq edib ki, bizim hökumət onu rəsmi şəkildə “qara siyahıya” salıb. Bu siyasətçinin Azərbaycana girişi qadağandır.

Təqdim etdiyim fotoya diqqət edin: O, Ermənistan bayrağının rəngləri əks olunmuş qalstukda ictimaiyyət qarşısına çıxmaqdan belə çəkinmir.

David G. Valadao

Ermənistanın “armradio.am” saytı yazır ki, cənab David G. Valadao ABŞ-ın dövlət katibi Entoni Blinkenə məktub göndərib. Nə istəyir?

Konqresmen ermənilərin hər gün qulağımızı yağır edən iddialarını təkrarən səsləndirib. 907-cü düzəliş yenidən qüvvəyə minsin, Azərbaycan hərbi əsirləri geri versin, Azərbaycan hərbçiləri Əl-Qaidə ilə birlikdə ermənilərə divan tutub və s.

Konqresmenin sözünün mustafası odur ki, Azərbaycan işğaldan azad etdiyi əraziləri könüllü şəkildə ermənilərə qaytarsın, işğalçı erməniləri narahat etdiyimizə görə onlardan üzr istəsin. Məktub bu kimi cəfəng fikirlərlə doludur.

Konqresmenin əsas fikri isə 907-ci düzəlişin yenidən qüvvəyə minməsi ilə bağlıdır. Amerika erməni lobbisi Amerika dövlətinin rəsmi şəkildə hər il Azərbaycana 120 milyon dollar hərbi yardım etməsini son dərəcə ağrılı qarşılayır. Onlar tələb edir ki, bu yardım rəsmən dayandırılsın. Çünki bu yardım vergi ödəyən amerikalıların cibindən çıxır. Amerikalılar isə Ermənistana qarşı aqressiv olan Azərbaycana yardım etmək istəmirlər. Yaxşı olar ki, həmin vəsait Ermənistan və “Artsax”a yönəldilsin. Çünki biabırçı məğlubiyyətlə üzləşmiş zavallı ermənilərin Amerikanın maddi dəstəyinə əşədi-ehtiyacı var.

Dünən ABŞ Senatının və Nümayəndələr Palatasının yüz nəfərdən çox üzvünün imzaladığı məktuba (fevralın 19-da göndərilib) ABŞ Dövlət Departamentindən gələn yazılı cavabın Amerika Erməniləri Milli Komitəsi başda olmaqla, dünya ermənilərini məyus etməsi barədə məlumat vermişdik. Dövlət Departamentindən yarımayan ermənilər indi də ABŞ-ın dövlət katibi Entoni Blinkenə üz tutublar.

Entoni Blinken

Ermənipərəst konqresmenlər heç cür başa düşmək istəmirlər ki, ABŞ Dövlət Departamenti də, ABŞ-ın dövlət katibi Entoni Blinken də Co Bayden başda olmaqla yeni administrasiyanı təmsil edirlər. Təbii ki, onlar sinxron fəaliyyət göstərirlər. ABŞ Dövlət Departamentinin “yox” dediyinə cənab Entoni Blinken “hə” deyə bilməz.

Özü də ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirmişdi. Ancaq Konqresmen David G. Valadao ABŞ-ın dövlət katibini inandırmağa çalışır ki, o, ermənilərin xətrinə öz verdiyi bəyanatdan imtina etsin. Təbii ki, bu, mümkün olan şey deyil.

Elbəyi Həsənli, Sürix

Digər Xəbərlər
Xəbər Lenti