“Mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam”

14 Aprel 2021 10:30 Hadisə 742
“Mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam”

"Sözsüz ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Dövlət başçısı çıxışına belə davam edib:

"Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib. Mən əminəm ki, onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar.

Ona görə də, biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik. Bizim mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik. Bizim tərəfimizdən birtərəfli qaydada edilənlər, mən artıq qeyd etmişəm, bunun aydın göstəricisidir. Mənə inanın ki, biz bunların heç birinin olmasına imkan verməyə bilərdik və heç kim bizi məcbur edə bilməzdi. Biz bunu düşünülmüş şəkildə etmişik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"