“Gördüm ki, anası evi yığışdırır, şəhid qarşılamağa hazırlaşır”: VİDEO

25 Fevral 2021 23:30 Hadisə 661
“Gördüm ki, anası evi yığışdırır, şəhid qarşılamağa hazırlaşır”: VİDEO

Aramızda taleyinə üç müharibə düşən adamlar var.

Qanlı döyüşlər, iztirab, mərhumiyyət dolu anlar, faciəvi epizodlar onların ömrünü şırım-şırım edib. Amma nə etmək olar, taledən qaçmaq mümkündürmü? Mümkün deyil.

İndi sizə özü və oğlu barəsində danışacağımız Səfər Hümbətov belələrindəndir. O, üç müharibədə iştirak edib. 18 yaşlı əsgər olanda tale Səfəri qədim Zəngəzurun Meğri rayonundan, dogma Lehvaz kəndindən götürüb uzaqlara Əfqanıstanın Bədəxşan vilayətinə, Fayzabad şəhərinə, Göyçə çayının sahili boyunca davam edən sovet-Taliban savaşına aparıb .

Əfqan qəssabxanası adı alan qanlı savaşdan sağ-salamat qurtulub vətəninə qayıdan Səfər qayıdanda görüb ki, artıq dogma Lehvaz eli Meğridə dardadır, az sonra kənd camaatı ermənilərin törətməyə hazırlaşdığı qətliamdan qurtulmaq üçün bir yanı Gəncə, bir yanı Bakı… hərə bir tərəfə pənah aparıb. Bu dəfə Səfər məcburiyyət üzündən silaha sarılmalı olub, indiki Göygöl rayonunun Todan və Çaykənd kəndində təxminən 20 nəfərlik könüllülər qrupu ilə birlikdə erməni quldurlara qarşı döyüşüb. Sonra o, xalq hərəkatının fəallarından birinə çevrilib.

1992-ci ildə Prezident Qvardiyayasının mərhum komandanı onun fəallığını, fiziki cüssəsini, əfqan döyüşçüsü olmasını nəzərə alaraq Səfər bəyi qvardiyaya cəlb edir. O, qvardiyanın tərkibində Qubadlıda, Füzulidə, Ağdərə istiqamətində döyüş yolu keçir.

İkinci Qarabağ müharibəsi başlayanda düşmənə qarşı döyüşmək estafeti Səfər Hümbətovun 20 yaşlı oğlu Cavada keçir. Cavad oktyabrın 1-də tərxis olunmalı imiş, 3 gün qalmış müharibə başlayıb. Səfər bəy həyatının 3-cü savaına əlisilahlı qatılmaq, oğlunun yanında olmaq istəyib.
Əməkdaşımız keçmiş döyüşçüdən “Əsgər atası” filminə baxıb-baxmadığını soruşur.

Əgər əsgər atası həm də keçmiş döyüşçüdürsə, o, müharibənin nə demək olduğunu, qan-qadasını, bütün üzünü yaxşı bilir, bildiklərindən, başına gələnlərdən çıxış edərək, ona tövsiyə verir. Onların bir əli işdə, biri əli ürəyinin üstündə, bir gözü həmsöhbətində, biri yolda, darvaza qapısında, bir qulağı danışdığı adamda, bir qulağı xəbərlər yayan radioda, ürəyi daimi səksəkədə, beyni səngərdə, döyüşdə olur. Tanınmayan nömrədən zəng gəlməsi əsgər atası üçün həyəcan, ürək çırpıntısı anıdır. “Yəqin oğlumun komandiridir, indicə qara xəbər verəcək” düşüncəsidir. Hələ bunun əsgər oğula zəng çatmayanda ürəyə gələn qara-qura fikirləri var.

Əsgər atası müharibənin bütün variantlarına hazır olur. Hər dəqiqə əsgər oğulun həlak olması, yaralanması xəbəri gələ bilər. Nə qədər arzuolunmaz, ağır faciə olsa da, atalar bunu birtəhər sindirir, bu vəziyyətə hazır olurlar. Bəs əsgər anaları necə olur?

Əfqanıstan və birinci Qarabağ savaşının veteranı artı döyüşlərə girən oğlu Cavadla telefonla danışanda bircə tövsiyə verib.

Ancaq bu müharibədir, beş dəqiqə sonra nə olacağını bilmək olmur. Savaşın hər anı təhlükədir. Elə təhlükəli epizodlardan biri də Füzuli rayonundakı adsız yüksəkliklər istiqamətində olub. Döyüş yoldaşlarının Səfər bəyə dediyinə görə, yağışlı bir gecədə düşmənlə aradakı hava məsafəsinin 40 metrə qədər qısaldığı bir vaxt gənc əsgərlər nə edəcəhlərini bilmirlər. Taqım geri çəkilmək və ya həmlə edib düşmənin postunu ələ keçirmək arasında tərəddüd edərkən Cavad irəli şığıyır, taqımı ardınca ermənilərin postuna aparır və bizim əsgərlər postu götürürlər. Sonradan hamı razılaşır ki, əgər həmin anda döyüşçülərimiz irəli yox, geri getsəydilər böyük itki verəcəkdilər, çünki həm düşmənin minamyot atanları, həm də snayperləri onları dənləyəcəkdi. Cavadın qətiyyətli hərəkəti onları xilas edir. Həmin gün götürülən postda daha bir maraqlı hadisə başlayır. Selin-suyun altında qalıb büsbütün islanmış, boğaza qədər palçığa batmış əsgərlərimiz postda erməni hərbçilərinin mundirini görür və quru paltarları əyinlərinə keçirirlər. Cavad döyüş dostlarına etiraz edir, deyir, nə olursa, olsun, donsaq da, biz düşmən paltarı geyə bilmərik. Bundan başqa, onun döyüş səlnaməsində kustar üsulla partladıcı maddə daşıyan və el arasında “toyçəkən dron” adlanan uçan qurğunu vurması, 4 şəhidin nəşini neytral və minalı zonadan təkbaşına çıxarması, təminat və təchizatı kəsilmiş taqıma gecəylə silah-sursaq və azuqə çatdırması, üzbəüz atışmalarda şəxsi şücaət göstərməsi kimi epizodlar da var. Bu barədə Cavadın əsgər yoldaşları danışıb, özü isə bu haqda zarafata salaraq atasına deyib ki, evə gələndən sonra bəs qədər danışacaq.

photo_2021-02-23_21-17-00.jpg (67 KB)

Heç demə, Cavadın ana babası da döyüşçü olub, Hümbət kişi vaxtilə Çaykənddə erməni silahlılarına qarşı döyüşüb. Elə Səfər də o vaxt həmin kənddə yerli camaata kömək üçün gedibmiş və Hümbət kişigildə qalırmış. İndi zarafatla deyir ki, həyat yoldaşı ilə ilk tanışlığı da müharibədə başlayıb, hələ də müharibədədirlər.

Cavad hazırda Laçındadır, xidmətini orada davam etdirir. Səfər igid oğluyla iki il əvvəl görüşüb, o vaxtdan bəri yalnız telefonla danışıblar. O, təbii ki, bütün əsgər ataları kimi oğluyla qürur duyur, onun Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə təltif olunduğu medallarla qürur duyur.

Biz 44 günlük müharibədə belə dəyanətli ataların, oğlunun şəhadət xəbərinin gələcəyini gözləyə-gözləyə ev yığışdıran mətanətli anaların, ölümün gözünə dik baxan, dostlarının xilası üçün hər cür fədakarlığa hazır olan oğulların hesabına qalib gəldik.

Belə oğullar durduqca vətənin sırtı yerə gəlməz. Əməkdaşımız zarafatla deyir ki, Cavadın hələlik iki medalı var, amma hər il qələbəninin ildönümlərində bu cür igid əsgərlərin tarixi xidmətləri dönə-dönə qiymətləndiriləcək, onları dəfələrlə təltif edəcəklər, yaşlaşanda pencəklərinin yaxası orden və medalları tutmayacaq. Səfər isə deyir ki, nə özü, nə də oğlu medal üçün döyüşməyiblər, bu müharibə də sanki onların tale yazısıdır.

Döyüşçülər sülaləsinin Lehvazdan Bədəxşana, Fayzabaddan Çaykəndə, Şükürbəylidən Şuşaya, Pamirdən Kirsə, çərəkən vadisindən gərəkən zirvələrə qədər uzanan döyüş yolu davam edir. 32 il əvvəl silah Səfər bəyin əlindəydi, indi oğlu Cavadın əlindədir. 5-10 ildən sonra Səfər balaca nəvəsinə, əl-əlbət, oyuncaq silah bağışlayacaq. Nə qədər ki, düşmən beynində bizə qarşı məkrli niyyətlər daşıya-daşıya qəsdimizə durub, uşaqlı-böyüklü silahı əlimizdən yerə qoya bilmərik.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Cavad kimi qazi oğlu qazilər, düşmən önündə çəpər-sipər olan oğullar heç zaman sıramızdan əskik olmasınlar.

Xalid Kazımlı

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"