"Neftçi": "Yaxınlarda daha bir sponsorla əmüqaviləsi imzalanacaq”

22 Sentyabr 2020 21:20 Gündəm 798
"Neftçi": "Yaxınlarda daha bir sponsorla əmüqaviləsi imzalanacaq”

Adlı-sanlı komandaların Bakıya səfər etməsinə sevinən təkcə azarkeşlər olmur.

Həmin komandanı qəbul edəcək təmsilçimiz, eləcə də oyunu efirə daşıyacaq telekanal, həmçinin bir çox reklam şirkətlərinin bu cür xəbərlər zamanı üzü gülür.

Çünki işin təkcə meydandakı oyun yox, həm də marketinq tərəfi var. Razılaşaq ki, “Qalatasaray”ın Bakıya gəlişi pandemiya dövrünə yox, əvvəlki vaxtlara təsadüf etsəydi, “Neftçi” buna görə çox qabağa düşə bilərdi.

Təkcə 67 min yerlik Olimpiya stadionunun dolması və canlı yayın hüququna malik bizimkilərin Türkiyəyə siqnal ötürməsi xeyli pul demək idi. Lakin məlum çətinliklərə görə “ağ-qaralar” küllü miqdarda qazancdan məhrum oldu.

Amma bu, klubun 1 manat da olsun qabağa düşə bilməməsi anlamına gəlməməlidi. Mütləq hansısa mənada xeyirləri olub.

Tək “Neftçi”nin yox, elə matçı birbaşa efriə daşıyan “CBC Sport”la oyunun keçirildiyi Olimpiya stadionunun da. “Qalatasaray”ın adları çəkilənləri maddi planda nə qədər irəli saldığını öyrənmək üçün həm klubun, həm stadionun, həm də telekanalın əməkdaşları ilə danışdıq (Futbol+).

Rüstəm Allahverdiyev, “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri: “Açığı, “Qalatasaray”la görüşdən daha yaxşı gəlir əldə etmək olardı. Lakin pandemiya ilə bağlı ev sahibi komandaların pul qazanması xeyli çətinləşib. Daha çox səfər komandalarının xərclərinin qarşılanmasını düşünürlər. Oyunun boş tribunalar önündə keçirilməsi kifayət qədər ciddi məbləğin itirilməsi demək idi. Yayın hüququndan da yararlanmaq olardı. Lakin yeni qaydalara əsasən ev sahibi komanda yayını təşkil edib, qonaqlara ötürməlidi. Üstəlik, satış hüququ da qonaqların əlinə keçir. Daha bir vasitə reklam yerlərinin satışı idi ki, çox böyük məbləğ olmasa da, müəyyən gəlir əldə edə bildik. Təbii ki, məbləğ haqda bilgi verə bilməyəcəm. Yeri gəlmişkən, bu yöndə apardığımız iş sayəsində yaxın günlərdə daha bir sponsorla əməkdaşlıq müqaviləsi imzalanacaq”.

Şəmsəddin Abbasov, “CBC Sport”un baş redaktoru: “Dediyiniz məsələ kommersiya sirri olduğunu üçün açıqlama verə bilməyəcəm. Oyun, çəkiliş və ya bu oyunla bağlı gördüyümüz işlərlə əlaqəli suallarınız varsa, buyurun, məmnuniyyətlə cavablaya bilərəm”.

Fərid Əsədzadə, Olimpiya stadionunun mətbuat katibi: “Nəinki “Neftçi” – “Qalatasaray” oyununda, ümumiyyətlə, heç bir tədbirdə marketinq tərəfdən gəlir götürə bilmirik. Sponsor gəliri varsa, buna ev sahibi komanda sahib olur. Bizim gəlirimiz klubla stadion arasındakı icarə müqaviləsindən olur. Nə meydanın ətrafında hansısa şirkətin bannerini yerləşdirə bilərik, nə də stadionun ərazisində. Buna ixtiyarımız çatmır. İcarə müqaviləsinin hansı məbləği əhatə etməsi isə tərəflər arasındakı kommersiya sirridi”.

Digər Xəbərlər
Xəbər Lenti