COP29

Azərbaycanın klub futbolunda YENİ İNTRİQA!

29 Noyabr 14:40 Gündəm 1 193
Azərbaycanın klub futbolunda YENİ İNTRİQA!

Premyer Liqanın 15-ci turunda “Araz-Naxçıvan” Mərdəkanda “Turan Tovuz”u qonaq edəcək.

Hamı bu oyunun başlama saatını səbirsizliklə gözləyir.

Əvvəlki illər olsaydı, bu komandaların dueli indiki ajiotajı yaratmayacaqdı. Lakin hazırkı məqamda arada ciddi intriqa var.

Avrokuboklara vəsiqəyə iddiasını ortaya qoyan bölgə təmsilçiləri turnir cədvəlində əsas rəqiblər hesab olunurlar. Lider “Qarabağ”dan cəmi 1 xal geri qalan naxçıvanlıların aktivində 33, tovuzluların 27 xal var.

Aradakı 6 xallıq fərqi əritmək üçün qərb təmsilçisinə mütləq və mütləq qələbə lazımdır. Bu, baş versə, fərq 3-ə düşəcək, aralarındakı prinsipiallıq bir az da qızışacaq.

Yox, əksi yaşansa, yəni meydan sahibləri yekunda gülən tərəf olsalar, fərq 9-a qalxacaq, “Turan Tovuz” üçün ikinci pilləyə yüksəlmək imkanı azı gələn ilə qədər təxirə salınacaq.

Odur ki, turnir cədvəlindəki son durum matçın gərgin keçəcəyindən xəbər verir.

13 oyundur məğlubiyyətin nə olduğunu bilməyən “Araz-Naxçıvan” son 5 görüşün hamısını qələbə ilə başa vurub.

Tovuzluların vəziyyəti bir qədər fərqlidir. Kurban Berdıyevin çalışdırdığı kollektiv Premyer Liqada sonuncu qələbəsini düz 1 ay əvvəl – oktyabrın 25-də “Kəpəz” üzərində son dəqiqə qolu ilə qazanıb.

O vaxtdan bu yana 3 xala həsrət qalan qərb təmsilçisi son 3 matçın hamısını heç-heçə ilə başa vurub.

Arada prinsipiallıq yaradan daha bir məqam “Turan Tovuz”un cari mövümdə ilk və son yenilgisini məhz “Araz-Naxçıvan”dan almasıdır.

“Qarabağ” kimi rəqibdən 4 xal qoparmağa nail olan “bozqurdlar” naxçıvanlılarla Tovuzdakı dueldə meydanı 1:2 hesablı yenilgi ilə tərk etmişdi.

Ünlü çalışdırıcı Kurban Bekiyeviçi üstələməyi bacaran Elmar Baxşıyevin rusiyalı mütəxəssislə bu dəfəki taktika savaşından da qalib ayrılması vəziyyəti gərginləşdirəcək, çempionatda yeni rəqabətin təməli qoyulacaq.

Noyabrın 29-da “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti