COP29

Cəmi 23 saat 43 dəqiqə...

20 Sentyabr 2023 17:10 Gündəm 584
Cəmi 23 saat 43 dəqiqə...

Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi.

Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar, ərazimizi tərk edirlər.

Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Sabah Yevlaxda danışıqlar olacaq.

Onsuz da Azərbaycan heç vaxt müharibə arzusunda olmayıb. Bu cümləni təsdiqləyən 30 illik səbrimiz var. Bəlkə də, dünyada bizdən çox danışan xalq da yoxdur. Biz hər şeyi danışıq, sülh yolu ilə qaydasına salmağa çalışırıq.

Amma gərək qarşındakı(lar) da səni başa düşsün.

Biz başa düşülməyən nə deyirdik ki?

Deyirdik ki, üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi fəaliyyətləri davam edir və ərazilərimizi minalayırlar.

Və bunun səbəb olduğu terror aktlarından birinin üzərindən cəmi bir sutka keçib. Dünən Xocavənddə səhərə yaxın, özü də sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş iki fərqli mina partlayıb, nəticədə 4-ü polis olmaqla 6 vətəndaşımız həlak olub.

İndi onların vida mərasimində çox ağır mənzərə var. Atasının dəfn mərasimində ağlayan, bəlkə də nəyin baş verdiyini heç anlamayan körpələri gördükcə başa düşürsən ki, bu problem gələcək nəsillərə qalmamalıdır, dərhal bir tədbir görülməlidir.

Bunun adı isə antiterrordur!

Çünki sənin doğruların “həqiqət” axtarışında olanların marağına uyğun gəlmirdi. Biz isə torpaqlarımız üzərinə çökən qaranlığı aydınlatmalıydıq.

Tədbirin giriş sözü də çox aydın şəkildə deyilmişdi:

“Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb”.

Son sözü isə Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz dedi! Təəssüf və çox təəssüf ki, heç bir lokal antitteror tədbiri itkisiz olmur, bizim də bu döyüşdə itkilərimiz, şəhidlərimiz, yaralılarımız oldu. Birinci Qarabağ müharibəsində 20 min şəhid verdiyimiz halda torpaqlarımızı itirmişdiksə, indi bu şəhidlərimizin qanı hesabına ölkəmizin konstitusiya quruluşunu bərpa etdik.

Qondarma rejimin təslim olduğunu eşitmək hər nə qədər sevindirici olsa da, şəhid xəbərlərinin olması bir o qədər üzücüdür. Amma bitdi! Çünki biz bu itkilərin hesabına Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq.

Bu, son idi, son tədbir idi... Pərdə qapandı!

Allah Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin! (qafqazinfo)

Emin Səfərov

Digər Xəbərlər
Xəbər Lenti