Azərbaycan futbolunun ən başıbəlalı nöqtələrindən biri uşaq futboludur.
Düzdür, ölkədəki azyaşlıların futbolla məşğul olması üçün imkanlar genişdir.
Məşq və oyun meydançaları, inventarlar, məşqçilər uşaq və yeniyetmələrin düzgün inkişafına xidmət edir.
Lakin bir çox hallarda inkişaf xətti düzgün müəyyənləşdirilmir ki, futbolçunun yaşı artıqca nöqsanlar özünü göstərir.
Vaxtilə Moskvanın “Spartak” və “Topedo” akademiyalarında futbolun sirlərinə yiyələnən, sonradan “Bakı” və “Qarabağ”da oynayan Toğrul Billallı da düzgün istiqamətdə inkişaf etməyən və ölkə futbolunun acı reallıqları sayəsində karyerasını erkən başa vurmuş isimlərdəndir.
Torğul bəy xeyli vaxtdır məşqçilik sənətini ilə məşğul olur ki, hazırda “Zirə-2”də köməkçi-məşqçi funksiyasını yerinə yetirir.
Səbəbkar uşaq futbolunun inkişafı, ciddi problemlərin aradan qaldırılması üçün maraqlı ideya ilə gündəmə gəlib. O, “Azerbaijan Football Performance Center” adlı mərkəz yaradıb.
Məqsəd ən son texnologiyalardan istifadə etməklə azyaşlı futbolçuların inkişafını nəzarətdə saxlamaqdır.
İdeyanı həyata keçirmək üçün iki cinahzdan istifadə olunacaq.
Biri butsa, digəri qarın nahiyəsinə bağlanacaq cihazlar futbolçuların göstəricilərini əks etdirəcək. Bununla da oyunçuların müsbət və mənfi yönlərini müəyyənləşdirmək asanlaşacaq.
Belə olacağı halda həm valideyn övladının durumundan xəbərdar olacaq, həm də məşqçinin azyaşlının imkanlarını dəyərləndirmək şansı xeyli artacaq. Futbolçunun özü də nöqsanlarını bildikdən sonra onları aradan qaldırmaq yönündə çalışacaq.
İdeyanın müəllifi əməli fəaliyyətə başlamaq üçün AFFA rəsmiləri ilə bir neçə dəfə görüşüb. Məqsəd klublardakı 14-18 yaş aralığındakı komandalarla işbitliyi qurmaqdır.
Valideyn maraqlı olarsa və klub icazə verərsə, fərdi çalışmalar da mümkün olacaq. Mərkəzdə təkcə məşqçilər yox, həm də riyaziyyatçı, dietoloq, psixoloq və həkimlər çalışacaq.
Toğrul Bilallı hələ ki, inqilabi yenilik sayıla biləcək layihənin xərclərini özünün və yaxınlarının maliyyəsi hesabına qarşılayır. Mərkəz tam gücü ilə fəaliyyətə başlayandan sonra isə imkanlar daha da genişlənəcək.
Təbii ki, ideyanın tam formada gerçəkləşməsi üçün geniş ərazi lazımdır. Hazırda yer seçimi ilə bağlı sahibkarlarla danışıqlar davam edir.
Artıq indidən bir çox valideynlər əlaqə saxlayıb maraqlanır. Təbii ki, əsas suallardan biri bir uşağın proqrama qoşulması üçün nə qədər xərcə düşməsidir.
Qiymət haqda yalnız üzbəüz görüşdən sonra məlumat verilir. Aylıq xərc əksəriyyətin imkanı çatacaq dərəcədədir.
Ən qısa zamanda “afpc.az” saytı fəaliyyətə başlayacaq ki, orada lazım olan məlumatları almaq mümkün olacaq.
HƏBİB / SPORTİNFO.AZ

