Şəhriyar Rəhimovun ən yaxın dostları "Sportinfo"ya danışdı: "Həmişə deyirdi ki..."

28 Avqust 2023 16:40 Gündəm 3 774
Şəhriyar Rəhimovun ən yaxın dostları "Sportinfo"ya danışdı: "Həmişə deyirdi ki..."

Bir neçə gün əvvəl Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimovun dünyasını dəyişməsi hamımızı üzdü.

Həqiqətən, ailəsi, dostları, yaxınları, onu tanıyan hər kəs üçün ağır itki oldu.

Çünki Şəhriyar təkcə yaxşı futbolçu yox, həm də yaxşı insan kimi qəlblərdə taxt qurmağı bacarmışdı.

İstər mətbuat nümayəndələri, istər azarkeşlər, istərsə də futbolçu və məşqçi dostları onun barəsində danışanda ancaq xoş sözlər dilə gətirdilər.

Yaxın dostları hesab olunan Əfran İsmayılov, Şəhriyar Əliyev və Tural Nərimanov kimi.

Dəfn günü danışmaqda çətinlik çəkəcəklərini hiss etdiyim dostlarla yalnız 2 gün sonra danışmağa qərar verdim.

Hələ də səslərindən hiss olunan kövrəklik acının nə qədər böyük olmasını bir daha göstəmiş oldu.

Əfran İsmayılov: "Şəhriyarı uzun illərdi tanıyıram. Bir neçə klubda və milli komandada bir yerdə oynamışıq. Hamı xətrin çox istədiyi insan idi. İstər mediası, istər futbolçusu. Çox səmimi, mehriban biriydi. Hər kəslə dostluq etməyi bacarırdı. Səfərlərdə olanda bir yerdə olurduq, alış-verişə bərabər gedirdik. Tural Nərimanov, Şəhriyar və mən çox vaxt bir yerdə olurduq. Yüksək keyfiyyətlərə malik idi. Ona görə də bu hörməti qazanmışdı. Xəstəliyi barədə xəbəri alanda mən "Səbail"də onunla bir yerdə idim. Hamımız çox üzülmüşdük. Lakin Şəhriyar çox pozitiv, şən idi. Sanki belə bir xəstəliklə mübarizə aparan o deyildi. Təəssüf ki, sonu belə oldu. Neyləmək olar? Allahın qədəridir. Hamımız da bu qədərlə razılaşmalıyıq. Ona görə yaxşı insan kimi yaşamaq lazımdır. Dünyadan köçəndə hamı xoş xatirələri yada salır. Həmçin də Şəhriyarla bağlı. Hər kəs fərqindədir ki, belə gözəl insanı itirdik. Onun yoxluğu barəsində danışmaq çox üzücüdür. Allah günahlarını bağışlasın, cənnət əhlindən etsin. Ailəsinə səbr arzulayıram".

Şəhriyar Əliyev: "Futbol camiəsində hər kəs düşünür ki, Şəhriyar çox gözəl insan, qardaş idi. 3 il "Kəpəz"də bir yerdə oynamışıq. Hər zaman mənə "Şakocum" deyirdi. Tez-tez danışırdıq, görüşürdük. Belə tez aramızdan getməsi adamı çox üzür. Xəstəliyi müddətində kim onun yerində olsaydı həyatdan küsərdi. Amma çox pozitiv idi. Görüşəndə heç vaxt halından şikayət etməzdi. Heç nə olmayıbmış kimi davranırdı. Düzdü, aldığı müalicələr ona əziyyət verirdi. Ancaq qorxusu, çəkinməyi yox idi. Aramızda çox xatirələrimiz olub. "Neftçi"ni 3-2 udanda son qolu o vurmuşdu. Neçə ildən sonra "Kəpəz" bunu bacarmışdı. Həmişə deyirdi ki, mənim sayəmdə "Neftçi"ni udmusuz.

Bir dəfə Türkiyədə yoxlama görüşmüz vardı. Biz də ağır fiziki məşqlərdən sonra oyuna çıxacaqdıq. Birinci hissə tərpənə bilmirdik. Artıq ilk yarıda 7:0 uduzurduq. Şəhriyar dedi ki, belə olmaz. Nəsə eləmək lazımdır ki, matç belə davam etməsin. Birinci hissənin sonlarında rəqibə çox sərt müdaxilə elədi ki, bəlkə çəkinsinlər. Fasilədə rəqib bütün heyəti dəyişdi. Oyun da elə qurtardı.

Aramızda o qədər maraqlı xatirələr olub ki. Çox istiqanlı, hörmətə layiq insan idi. Çox dəyərli qardaş idi. Unutmaq olmur. Hər an yaddaşımızdadır. Allah onu cənnətlə müjdələsin. Amin".

Tural Nərimanov: "2004-cü ildən bir-birimizi tanıyırdıq. O vaxt Azərbaycanın U-15 milli komandasında bir yerdə oynamağa başlamışdıq. U-17, U-19 və U-21 komandalarında oynadıq. AZAL və "Kəpəz"də komanda yoldaşı olmuşuq. Bütün səfərlərdə bir otaqda qalmışıq. Hər zaman birgə olurduq. Mən Şəhriyarla tək dost deyil, həm də qardaş idik. Hər gün danışıb, hər gün görüşürdük. Onun kimi insanı itirmək ağırdı. Hələ də onun yoxluğu ilə barışa bilmirik. O qədər gözəl, səmimi insan idi ki...

Onunla hər danışığımız, görüşümüz xoş xatirələrlə yadda qalacaq. Hər zaman xoş şeylər düşündü. Xəstələyinin son günlərinə kimi pozitiv oldu. Mənə həmişə deyirdi ki, qardaşın bu xəstəliyə qalib gələcək. Biz də qalib olacağına çox inanırdıq. Amma olmadı. Çox pis oluram ona görə ki, səsini bir daha eşitməyəcəyik. Onu bir daha görməyəcəm deyə çox pis oluram. Bir dost, qardaş itirmək çox ağırdı. Hələ də inana bilmirəm, qəbullana bilmirəm.

Haqqında ancaq xoş sözlər demək olar. Hələ də hamımız şokdayıq. Hər kəs bizim dostluğumuzu, qardaşlığımızı bilirdi. Allah Şəhriyara rəhmət eləsin. Hər zaman qəlbimizdə yaşayacaq. Onu heç vaxt unutmayacağıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti