«Bu klubun bərpası Emin Abbasovun «Futbolumuz» verlişindən və həmin süjetin sizin saytda yayımlanmasından başladı».
Bu sözləri Sportinfo.az-a açıqlamasında fəaliyyətini yenidən bərpa edən «Dinamo»nun prezidenti Yaşar Seyidov deyib.
Bilindiyi kimi, AFFA-nın İcraiyyə Komitəsi 2 klubun II Liqada iştirakına dair yeni qərar qəbul edib.
Komitənin bu gün keçirilən toplantısında «Dinamo» və «Şahdağ»ın (Qusar) ilk dəfə təşkil olunacaq yarışda iştirakı rəsmiləşib. Beləcə, yarışda mübarizə aparacaq komandaların sayı 12-yə çatdırılıb.
Yaşar Seyidov «Dinamo»nun bərpasını çoxdan arzuladığını bildirib:
«Bakı»nın fəaliyyətini dayandırmasından sonra bir qədər kölgəyə çəkilmişdim. Düzdür, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası olaraq fəaliyyət göstərirdik, ancaq bilirsiz ki, bu, əsasən uşaq futboluna aid sahədir.
Ötən illər ərzində bəzi təkliflər olsa da, müxtəlif səbəblərdən sonda alınmamışdı. Bu illər dərs oldu, insanları daha yaxından tanıdım.
Əmin oldum ki, kimlər çətin günün dostudur, kimlər çətin günlərin. Mən bunları heç vaxt yadımdan çıxarmaram.
Buradan hamıya demək istəyirəm ki, «Dinamo»nun bərpası yönündə ilk addımlar Emin Abbasovun və Sportinfo.az saytının köməkliyi ilə atıldı.
Əgər Emin müəllim efirdə bu klubun bərpası təşəbbüsü ilə çıxış etdi və sizin sayt da həmin xəbərin üzərində dayandı.
Açığı, mən Emin müəllimin fikirləri ilə «Sportinfo» vasitəsilə tanış oldum və ondan sonra AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdüm.
«Dinamo»nun bərpasının vacibliyi ilə bağlı xeyli söhbət etdik, fikirlərimiz üst-üstə düşdü. Beləcə, proses başladı.
Bir daha demək istədiyim odur ki, bu işin əvvəlini Emin Abbasovla «Sportinfo» gördü. Mən həm Emin müəllimə, həm də sizin sayta öz dərin minnətdarlığımı bildirməyi özümə borc sayıram.
Biz Sərxan Hacıyevlə görüşəndən sonra Daxili İşlər Nazirliyinin məsul əməkdaşları ilə təmasa keçdik. Klubun bərpasını zəruri edən səbəblərdən danışdıq.
Mən cənab nazir, general-polkovnik Vilayət Eyvazova çox-çox təşəkkür edirəm ki, «Dinamo»nun bərpası ideyasına müsbət yanaşdı, hərtərəfli köməklik göstərdi.
Bu gün «Dinamo» futbola geri qayıdıbsa, bu, cənab nazirin müstəsna xidmətidir.
Eyni zamanda, AFFA-nın prezidenti Rövnəq Abdullayevə, baş katib Sərxan Hacıyevə, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova «çox sağol»un deyirəm.
Həqiqətən «Dinamo»nun bərpasına ürəkdən çalışdılar. Rövnəq müəllim məsələni bilən kimi əlindən gələni etdi ki, klubun qayıdışı tezləşsin.
Siz bir bilsəz ki, Sərxan müəllim bu işin alınmasına necə can yandırıb… Rövnəq Abdullayevin müvafiq tapşırığından sonra baş katib gecə-gündüz bilmədi, çalışdı.
Elxan müəllim də o cümlədən. PFL prezidentinə «Dinamo»nun məqsədləri barədə məlumat verdik, II Liqaya buraxılması fikrini dəstəklədi.
Mən bir daha gördüm ki, adını çəkdiyim bu şəxslər Azərbaycanda futbolun inkişafını istəyir. Çox sevinirəm ki, AFFA İcraiyyə Komitəsinin üzvləri bu gün «Dinamo»nun dönüşünə qərar verdi.
Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən «Dinamo» Cəmiyyətinin rəisi Mövlud Mirəliyevi də mütləq qeyd etməliyəm. Eyniadlı futbol klubunun mövcudluğu üçün böyük səy göstərib.
Ümumiyyətlə, mən əminəm ki, «Dinamo»nun qayıdışına bütün idman ictimaiyyəti sevinir. Çünki «Dinamo» tarixi klubdur, ölkə futbolu qarşısında böyük xidmətləri olub.
Bu, mühüm hadisədir. İnanın, mən bu gün elə bil, ikinci dəfə dünyaya gəlmişəm. Sevincimin həddi-hüdudu yoxdur».

