Bakının qəti şərtlərini Xankəndidə eşitdilər - Araiki təslim etməsələr...

1 İyun 2023 07:50 Gündəm 354
Bakının qəti şərtlərini Xankəndidə eşitdilər - Araiki təslim etməsələr...

Mayın 28-də Laçına köçən əhali ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev torpaqlarımızda məskunlaşan sadə ermənilərə və separatçılara mühüm mesajlar verdi.

Prezident “Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır.

Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar.

Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır” deyib.

İ.Əliyev separatçılara da sərt xəbərdarlığını çatdırıb: “Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı lazım olan yerə göndərmişik. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".

İlk dəfədir ki, Prezident Xankəndi separatçılarına bu cür açıq mətnlə xəbərdarlıq etdi və konkret şərtlər açıqladı. İndi, necə deyərlər, taleləri öz əllərindədir. Ya Bakının şərtlərinə əməl edəcəklər, ya da Azərbaycan öz ərazisindəki qondarma qurumları və separatçıları öz gücü ilə ram edəcək...

Azər Badamov: "Bakıda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə verilən  böyük dəyərdən irəli gəlir"

Azər Badamov

Deputat Azər Badamov yada saldı ki, Qarabağda yaşayan ermənilər müzakirənin aparılması üçün iki dəfə Bakıya dəvət olunub: “Amma separatçıların təsiri güclü olduğuna görə Xankəndidən nümayəndələr gəlmədi. Artıq onlar müzakirə ilə bağlı dəvət olunmaq şansını itirdilər. 28 mayda laçınlılarla görüşdə Prezident İlham Əliyev Qarabağda yaşayan erməni əhaliyə və separatçılara bundan sonra necə etmələri ilə bağlı yeganə yolu göstərdi. Separatçılar isə özlərinin saxta dövlət atributlarını zibil yeşiyinə atmalı və saxta qurumlardan imtina edərək boynunu büküb Bakıdan amnistiya üçün xahiş etməlidir. Əgər ermənilər onlara verilmiş bu şansdan istifadə etməzlərsə, antiterror əməliyyatı aparılaraq separatçılar həbs olunacaq. Ölkə başçımızın dediyi hər bir söz real həyatda öz əksini tapır. Prezident İlham Əliyevin sözünü havaya atmadığını bütün dünya, o cümlədən Ermənistan da bilir. Ona görə də Laçından ölkə başçımızın Qarabağda yaşayan ermənilərə göstərdiyi yeganə yolun alternativi olmayacaq və bu, onlar üçün son şansdır. Azərbaycan öz məqsədlərinə çatır və yavaş-yavaş irəliləyir. Qarabağda yaşayan ermənilər ölkə başçımızın dediklərindən nəticə çıxararaq öz gələcəklərini Azərbaycanda qurmaq üçün Bakıya müraciət etsələr, buna nail ola bilərlər. Əgər ordumuz antiterror əməliyyatını keçirməyə məcbur olarsa, vəziyyət tamamilə dəyişəcək və onlara heç kim kömək edə bilməyəcək”.

Əli Orucov:

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, ermənilər başqa şans qoymurlar: “Əvvəla, Laçın çox strateji bölgədir və burada möhkəmlənmək gələcək planların həyata keçirilməsi, suverenliyimizin tam bərpası üçün açar rolunu oynayır. Həm də Qarabağ iqtisadi zonasında yaşayan ermənilər görməlidir ki, bir tərəfdə iqtisadi gücə malik Azərbaycan, digər tərəfdə ciddi böhran yaşayan Ermənistan var. Mən heç də o fikirdə deyiləm ki, orada yaşayan ermənilərin hamısı axmaqdır, mövcud reallıqları dəyərləndirə bilmir. Lakin Xankəndindəki separatçı tör-töküntülər, Ermənistandakı revanşistlər, həmçinin Rusiya və Fransa kimi dövlətlər buradakı ermənilərin Azərbaycan cəmiyyəti ilə reinteqrasiyasına maneə yaradırlar. Artıq başa düşürlər ki, nə Moskva, nə Paris, nə də İrəvan onların "müstəqillik" xülyalarının gerçəkləşməsinə, yaxud hansısa status əldə etmələrinə heç bir kömək edə bilməyəcək. Buna baxmayaraq, Azərbaycan hələ də onların “özfəaliyyətlərinə”, uydurma strukturlarının mövcudluğuna səbir nümayiş etdirir. Təbii ki, addım-addım rəsmi Bakı öz məqsədlərinə çatır. Ermənilərin də etiraf etdikləri kimi, Prezident İlham Əliyevi dayandırmaq artıq mümkün deyil. Azərbaycan tərəfi bəzən həddindən artıq humanizm və səbir göstərir. Bundan da ermənilər sui-istifadə edirlər. Amma əvvəl-axır Bakı ilə hesablaşmaq məcburiyyətində qalırlar. Prezident İlham Əliyev Qarabağ iqtisadi zonasında məskunlaşan ermənilərə bir neçə dəfə xəbərdarlıq edib ki, separatçılarin iki yolu var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Eyni zamanda onu da vurğulamışdı ki, özünü “prezident”, “nazir”, “parlament sədri” adlandıran təlxək toplusu rədd olub getməlidir. Göründüyü kimi, bu xəbərdarlıqlardan Xankəndidəki separatçılar nəticə çıxarmayıblar. Hətta müxtəlif pozuculuq fəaliyyətlərini davam etdirirlər, ağılasığmaz şərtlər irəli sürürlər və s. Təbii olaraq, rəsmi Bakı da bundan sonra səbr göstərə bilməz".

Politoloq dövlət başçısının Laçından verdiyi sərt mesajlara da toxundu: “Prezident İlham Əliyev 28 mayda Laçında yenidən məskunlaşan laçınlılarla görüşü zamanı tam aydın və sərt şəkildə Xankəndinə sonuncu xəbərdarlığını etdi. Bundan nəticə çıxarmayanların aqibətlərinin necə olacağını da konkret şəkildə ifadə etdi. Uzun müddət bu cür qeyri-müəyyənlik davam edə və Qarabağ iqtisadi zonasında məskunlaşan ermənilər özlərini əlahiddə statusda apara, özbaşına dövlət içərisində dövlət stukturları qura bilməzlər. Mənim fikrimcə, həmin qondarma "nazirlərə", “parlament üzvlərinə”, “prezidentə” və digər strukturların məsul şəxslərinə heç bir amnistiya verilməməli, onlar Azərbaycan qanunları qarşısında layiq olduqları cəzaları almalıdırlar. Çünki onların əksəriyyəti Azərbaycana qarşı həyata keçirilən cinayətlərdə birbaşa və fəal iştirak edib. Üstəlik də onların islah olunmasını mümkün saymıram. Həm də vaxt itirmədən bunları etmək lazımdır. Onların öz pozuculuq və separatçı fəaliyyətlərində qalmaları bizim Xankəndi üzərində suverenliyimizin tam bərpa olunmasına imkan verməyəcək. İndi də ortaya Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin “hüquq və təhlükəsizliyinə beynəlxalq zəmanət” məsələsini atmaqla Azərbaycanın daxili işlərinə hansısa xarici dövlətlərin müdaxiləsinə şərait yaratmağa çalışırlar. Odur ki, alət kimi onlardan Azərbaycana qarşı istifadə edəcək qüvvələr də hər zaman olacaq. Zatən separatçı rejimin qondarma rəsmilərinin mövqeləri dəyişməz qalır və Xankəndini Azərbaycanın tərkib hissəsi kimi görmürlər. Belə olan halda bir yol qalır: o bölgədə istənilən əməliyyatı keçirmək və onları zərərsizləşdirmək. Bu vəzifənin öhdəsindən isə Azərbaycan iki-üç saat ərzində gəlməyə qadirdir. Fikrimcə, Azərbaycan əlverişli beynəlxalq və regional şəraitdən maksimum dərəcədə bəhrələnərək, tezliklə Xankəndini nəzarətə götürməli, qanunsuz silahlı birləşmələr zərərsizləşdirilməli, gələcək təxribat və məkrli planları üçün istifadə oluna biləcək bütün hallar aradan qaldırılmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”