O gündən bizim üçün də var!

8 Fevral 2023 16:40 Gündəm 544
O gündən bizim üçün də var!

Üç gündür zillət içindəyəm. Boğuluram, ürəyim sıxılır.

Zəlzələnin yaratdığı dağıntılar və ortaya çıxan görüntülər ürəyə dağ vurur. O insanların yerinə özümü, əzizlərimi və övladımı qoyduqca parçalanıram.

Yatdığımız yerdə tavan başımıza uçur. Zərbənin təsirindən ölmürük, amma günlərlə dağıntıların altlnda qalıb aclıq və soyuqdan canımızı tapşırırıq.

Biz sağ qalırıq, amma övladımız gözlərini əbədi yumur. Kömək edə bilmirik.

İllərdir min bir zəhmət bahasına qurduğumuz ocağımız bir anda külə dönür, küçədə heç nəsiz qalırıq.

Yazdıqlarımı oxuduqca işıqlı evinizə və doğmalarınıza baxın. Sonra da eyvana çıxıb şaxtalı havaya baxaraq bir anlıq özünüzü gecə paltarında, ayaqyalın bayırda təsəvvür edin.

Hər yerdə müharibə, od-alov, təbii fəlakətlər. Biz də hansıaa formada gedəcəyik bir gün. Gec-tezi var sadəcə.

Dalaşmaq, düşünmək, fəlakətin Azərbaycandan yan keçdiyinə şükür etmək zamnı deyil. Allah varlığını hansısa formada bizə də göstərəcək. Sabahımızı düşünmək üçünsə bu günümüzdən üzüağ çıxmalıyıq.

Türkiyə dəhşət içindədir. İnsanlar fəryad edir. Dağıntılar altında qalan neçə-neçə insan son dəqiqələrini yaşayır. Sınaqdan bir təhər çıxmağı bacaranlar isə şaxtalı havada canı ilə əlləşir. İnsanlar evsiz-eşiksiz, paltarsız, işsiz, pulsuz qalıb.

İndi onlara yardım etmək zamanıdır. Futbol təsərrüfatında çalışanlar, top dalınca qaçanlar, hətta bu idman növünə könül verənlər arasında kifayət qədər imkanlı şəxslər var.

Lütfən, yaxamızı kənara çəkməyək. Qardaş ölkədəki qardaş və bacılara hansısa formada yardım etməyə tələsək. Artıq pulumuz yoxdursa belə, evimizin bir küncünə yığdığımız paltarları, qonaq gələndən gələnə istifadə etdiyimiz yorğan-döşəkləri qışın soyuğunda küçələrdə gecələyən insanlara göndərək. Mərhəmətli olaq.

O gündən nə vaxtsa bizim üçün də var. Gec, ya tez.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!