Bir az ötsün, «Kəpəz»i tanımaq mümkün olmayacaq.
Gözlə görüləcək qədlər dəyişəcək bir komanda izləyəcəyik.
Baş məşqçi postuna kim gəlir-gəlsin. İvan olsun, Petrov olsun, Tərlan Əhmədov olsun, ya qeyrisi – qəti fərq eləməz.
Kim olur-olsun, «Kəpəz» indiki kimi gəlib-gedənin «qapazını yeməyəcək».
Nostradamus deyiləm, qoy, bunu deyim. Klubun rəhbərliyi dəyişməyib və dəyişməsi gözlənilmir - qoy bunu deyim.
Yeni sponsorun gəlişi, klubun maddi dayaqlarının güclənməsi gözlənilmir – qoy bunu da deyim.
Deyim ki, Yaşar Vahabzadənin ayrılması burada çalışanların hamısının ürəyincə olsun - idarəçisi, işçisi, futbolçusu, azarkeşi ilə. özəlliklə meydana çıxıb nəticə qazanmaq vəzifəsinə üstlənən oyunçuları.
Vahabzadə day yoxdur, sanki quşu açıb qəfəsdən buraxıblar. Bir nəfər kimi özlərini bu cür məmnun hiss edirlər.
Ona antipatiya o qədər güclü idi, bu istefanın yaratdığı sevincin yerini heç kim və heç nə verməz. Bir dünya dolusu xoşbəxtlik içindədirlər.
Vahabzadənin komunikasiya qurmaq bacarığı o dərəcədə aşağı, dili o dərəcədə acı olub ki, bir nəfər gedişinə təəssüflənmir, çıxıb haqqında yaxşı bir söz demir.
Bundan belə, kim gəlsə, inanmıram ki, ondan pis bir iz buraxsın.
Deyən lazımdır ki, əşşi, nəyinizə lazım idi bu. AFFA-nın Məşqçilər Komitəsində gül kimi vəzifəniz var idi də, 5-10 manat artıq pula görə məşqçi vəsiqənizi Gəncədə yerə çırpmağa dəyməzdi axı.
Xəzər Hikmət

