“Azərbaycan bir həmlə ilə buranı götürə bilər” - Ermənistan təşviş içində

23 Oktyabr 2021 16:50 Gündəm 1 670
“Azərbaycan bir həmlə ilə buranı götürə bilər” - Ermənistan təşviş içində

Rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına mülayim yanaşması Ermənistanda qalmaqala səbəb olub.

Davamlı olaraq konfranslar və müzakirələr keçirən erməni müxalifəti yeni aksiyalarla yanaşı, gələcəkdə Azərbaycanla gözlənilən sülh sazişinin qarşısını almaq üçün bir sıra addımlar atırlar.

Qafqaz İnstitutunun elmi işçisi Hrant Mikayelyan deyib ki, Türkiyə və Azərbaycanın bu gün atdığı addımlar sabaha hesablanıb və onlar öz məqsədlərinə hesablanmış konkret tələblər irəli sürürlər:

"Olduqca mühüm bir prosesin əsasını qoyur və onun üçün çalışırlar. Bu ölkələrin siyasətinə yaxından bələd olsaq görərik ki, Azərbaycanın hədəfi bir zərbə ilə Sünik, Vayots Dzor və Qarabağı götürməkdir. O halda Ermənistan xəritədə ancaq ad olaraq qalacaq”.

Mikayelyan bildirib ki, hazırda hakimiyyət Ermənistanın maraqlarını qorumaqdan imtina edir. Onun sözlərinə görə, İrəvan hökuməti faktiki olaraq bir çox bəyanatlar verməklə kifayətlənir:

"Onlar deyir ki, ruslar burada dursun, Fransa tanısın, Amerika bunu etsin, o biri bunu etsin və s. Yəni, konkret hərəkət etməkdən boyun qaçırır.

Bununla da Türkiyə və Azərbaycanın hərəkətə keçməsinə şərait yaradırlar. Əgər Ermənistanın subyektivliyi yoxdursa, o zaman Ermənistanla hər şeyi etmək olar, o cümlədən Türkiyə və Azərbaycanın varlığı o dərəcədə təmin ediləcək ki, sonradan onun kökünü kəsmək mümkün olmayacaq”.

Erməni politoloq Hrant Melik-Şahnazaryan isə deyib ki, hazırda siyasi qüvvələr və ekspertlər, mütəxəssislər həqiqəti ictimaiyyətə çatdırmaqdan, münaqişənin həll olunmadığını, Azərbaycanın uzaq hədəfləri olduğunu dilə gətirməkdən çəkinməməlidirlər. Onun sözlərinə görə, cəmiyyətin münasibətini dəyişmək, onu həm Süniklə, həm Qarabağla, həm də bütün Ermənistanla bağlı məsələlərdə şüurunu kökləmək lazımdır:

"İnsanlar başa düşməlidirlər ki, Azərbaycan uzunmüddətli proqramlarını həyata keçirərkən konkret addımlar atır, Sünik məsələsinə ayrıca baxmaq düzgün deyil. Onlar Geqarkunikdə elə mövqe tutublar ki, oradan bir neçə saata Səlim dağ keçidini və Sünikin bütün Ermənistala əlaqəsini kəsmək olar”.

"Hayastan” fraksiyasının deputatı Armen Rustamyan isə deyir ki, Ermənistan bu çətin geosiyasi vəziyyətdə yenidən qurulmaqda olan bir dövlət kimi, Sünik-Qarabağ rolunu dərk etməli, Türkiyə təhlükəsini neytrallaşdırmalı, nəsillərin maraqlarına xidmət etməli, Türkiyənin rəğbətini gözləməməli və təhlükə ilə dolu Türkiyənin sülh baxışını rəhbər tutmalıdır. Onun sözlərinə görə, buna əməl olunmasa, Ermənistan müstəqil dövlət olaraq süqut edəcək:

"Regional sabitliyə və sülhə yönəlmiş müasir prosesdə Ermənistan həlledici dilemma ilə üzləşib. Dilemma ondan ibarətdir ki, bu proses Ermənistanın güclənməsi hesabına baş verməlidir, yoxsa Ermənistanın türkləşməsi hesabına sülh əldə olunmalıdır?”

Rüstəmyan hesab edir ki, hazırda Qafqazda marağı olan dövlətlər regionu yenidən bölüşdürməyə başlayıblar. Onun sözlərinə görə, Ermənistanın yeni geosiyasi xəritədəki yeri Türkiyənin neo-Osmanlı proqramını həyata keçirməkdə nə qədər irəliləyəcəyindən asılı olacaq:

"Lakin problem təkcə Ermənistanla məhdudlaşmır. Türkiyə türkdilli xalqların yaşadığı 70-ə yaxın ölkəni özünün strateji maraqlarına daxil edib. Neo-Osmanlı proqramlarına təhdidlərin gələ biləcəyi ölkələr isə pantürkizmə maneələr kimi hədəfə alınır. Məhz bu strateji səviyyədə Ermənistanla az-çox geosiyasi maraqları və təhdidləri neytrallaşdıra biləcək ortaq dövlətlər var”.

Erməni deputat qeyd edir ki, faktiki baş verən prosesdə təkcə Ruysiya və İran iştirak etmir:

"Həm də Çin və Hindistan regional rol oynayırlar. Mövcud geosiyasi meydanda gedən oyunlarda həlledici məqamlar var. Unutmayaq ki, Ermənistanı həmin meydana çıxan yol və geosiyasi xətdə saxlayan Sünikdir”.

Digər Xəbərlər
Xəbər Lenti