Avropa futbolu silkələnir – Zəngin-kasıb davası başladı!

19 Aprel 2021 17:00 Gündəm 1 065
Avropa futbolu silkələnir – Zəngin-kasıb davası başladı!

Dünən Avropanın 12 klubu Super Liqanın yaradıldığını açıqlayıb.

Qərarı “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus” qəbul edib.

Bu, UEFA-nın etirazına səbəb olub. Qeyd olunub ki, qərarın qəbul edilməsində iştirak edən klublar öz ölkələrindəki milli turnirlərin, həmçinin UEFA-nın himayəsində olan yarışların iştirakçıları siyahısından çıxarılacaq.

Bəyanat UEFA, eləcə də İngiltərə, İspaniya və İtaliyanın milli futbol federasiyalarının rəhbərliyi tərəfindən hazırlanıb.

UEFA yeni layihədə iştirakdan imtina edən klublara, xüsusilə Fransa və Almaniyadan olan komandalara təşəkkürünü bildirib.

Superliqanın formatı necə olacaq?
Superliqanın formatı açıqlanıb. Turnirdə 20 klubun iştirakı planlaşdırılır. Formata əsasən, hərəsində 10 komanda olmaqla, 2 qrup yaradılacaq. Qruplarda ilk 3 yerin sahibləri 1/4 final mərhələsinə vəsiqə əldə edəcək. 4-5-ci yerləri tutanlar isə digər iki 1/4 finalçını müəyyənləşdirmək üçün öz aralarında pley-off oyunları keçirəcək. Bu ilin avqustunda başlaması planlaşdırılan Superliqada hələlik 12 klubun iştirakı təsdiqlənib. Bunlar “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, “Barselona”, “Atletiko”, “Real”, “Milan”, “İnter” və “Yuventus”dur. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək.

Yeni sədr təyin edildi
“Real”ın prezidenti Florentino Peres Avropa Super Liqasının sədri təyin edilib. Bu barədə “AP” agentliyinin jurnalisti Rob Harris özünün tvitter səhifəsində yazıb. Mənbə bildirir ki, Peresin müavinləri “Yuventus”dan Andrea Anyelli və “Mançester Yunayted”dən Coel Qleyzer olacaq.

"Bavariya" və daha iki klub…
Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqada iştirak edə biləcək daha 3 komandanın adına aydınlıq gəlib. Bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb. O bildirib ki, Almaniyadan "Bavariya", "Leyptsiq" və Portuqaliyadan "Portu" Superliqaya qoşula bilər.

"Yuventus"un prezidenti UEFA və ECA-dan istefa verdi
"Yuventus"un prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin (ECA) prezidenti vəzifəsindən və UEFA İcraiyyə Komitəsi üzvlüyündən istefa verib. Buna ECA-nın Avropa Super Liqasının yaradılmasını dəstəkləməməsi səbəb olub. Superliqada iştirak edəcək 12 klubun hamısı bu qurumdan ayrılıb.

Daha bir ayrılıq
UEFA-da daha bir istefa reallaşıb. “Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvord qitə futbol qurumunda çalışmayacaq. O, “qırmızı şeytanlar”ın Avropa Superliqasında iştirakı səbəbindən UEFA-dakı bütün vəzifələrindən istefa verib. Həmçinin “Mançester Yunayted” də digər klublar kimi, Avropa Klublar Assosiasiyasının (ECA) tərkibindən ayrılıb.

Üsyankarlar FİFA və UEFA prezidentlərinə məktub ünvanladı
Superliqa yaratdıqlarını elan edən 12 klubu FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə məktub ünvanlayıb. Turnirin yaradıcıları yarışın baş tutması üçün hər şey edəcəklərini bəyanlayıb. Məktubda Superliqanın 4 milyard avro qrant aldığı və bunun klublar arasında bölüşdürüləcəyi də əksini tapıb: “Sizin rəsmi bəyanat bizi müdafiə tədbirləri görməyə vadar edir ki, özümüzü təkcə qrant çərçivəsində maliyyələşmə öhdəliyini təhlükə altında qoyan, ən əsası qanunsuz olan düşmən reaksiyasından qoruyaq. Bu üzdən də SLCo (Super League Company) şirkəti yeni turnirin qanunvericiliyə uyğun şəkildə maneəsiz yaradılması və fəaliyyəti üçün məhkəmələrə müraciət edib. SLCo-nun direktorlar şurasının üzvləri kimi bizim öhdəliyimiz turnirin və bizimlə maraqlı olan tərəflərin qorunmasıdır. Nəzərə almalıyıq ki, hansısa səbəbdən turniri operativ şəkildə formalaşdırmağımız və qrantdan gələn qazancı əldə etməməyimiz sonradan düzəlməyəcək ziyanla nəticələnəcək. Superliqa mövcud olan Avropa futbolunun əsas parçası sayılan ölkə çempionatları və kuboklarla paralel keçirilməlidir. Biz Çempionlar Liqası və ya Avropa Liqasını əvəz etmək deyil, onlarla birlikdə olmaq və rəqabət aparmaq istəyirik”.

Alternativ dünya çempionatı yaradıla bilər
“Real”ın prezidenti Florentino Peres Superliqada iştirak edəcək futbolçuların FİFA və UEFA tərəfindən dünya və Avropa çempionatına buraxılmaması hədəsinə münasibət bildirib. Qurumun sədri seçilən Peres bunun onları qorxutmadığını söyləyib. O, alternativ dünya çempionatı yaradacaqlarını vurğulayıb: “Əgər bu turnirə qatılan oyunçuların DÇ-2022-də iştirakına icazə verilməsə, öz dünya çempionatı turnirimizi yaradarıq. Burada şişirdiləcək bir şey yoxdur. Biz futbola hər səviyyədə kömək edəcəyik və onu layiq olduğu yerə yüksəldəcəyik. Futbolun dünyada 4 milyarddan çox azarkeşi var. Bizim öhdəliyimiz onların istəklərinə cavab verməkdir”.

ECA bəyanat yaydı, dəstək vermədi
Avropa Klublar Assosiasiyası (ECA) bəyanat yayıb. Qurum bir sıra klubların yaratdığı Superliqaya münasibət bildirib. ECA 246 ən yaxşı klubun təmsil edildiyi qurum kimi UEFA ilə işləmək öhdəliyini təsdiqləyib, Superliqanın yaradılması barədə qərara qarşı çıxıb. ECA yeni yaradılmaqda olan liqanı qiyama bənzədib: “Qiyamçı Liqanın yaradılması ilə bağlı məlumatlar fonunda 246 aparıcı klubu birləşdirən Avropa klublar Assosiasiyası olaraq UEFA ilə əməkdaşlığa sadiq qalacağımızı bəyan edirik. Biz ötən həftə İcraiyyə Komitəsinin iclasında qəbul olunan mövqeyimizə əsaslanırıq. Təşkilatımız UEFA ilə birlikdə klub turnirlərinin yeni formatı üzərində işləmək öhdəliyinin üzərində dayanacaq”.

FIFA yeni ideyaya qarşı çıxdı
FIFA Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb. Bu barədə təşkilatın açıqlamasında bildirilir. “FİFA yeni Super Liqanın yaradılması planlarını qəbul etmir, çünki yarışlar beynəlxalq futbol strukturlarının hüdudlarından kənara çıxır” - deyə, məlumatda qeyd olunub.

Baş nazir Superliqanın yaradılmasını tənqid etdi
Böyük Britaniyanın baş naziri Boris Conson nəhəng futbol klublarının Avropa Super Liqası yaratması planlarını tənqid edib. Conson yarışın daxili çempionatlara və ölkədəki azarkeşlərə təsir edəcəyini bildirib. Consonun sözlərinə görə, Superliqa planı futbol üçün dağıdıcı ola bilər: "Biz UEFA və FIFA-nı, onların atacaqları addımları dəstəkləyirik. Bu, milli çempionatların ürəyinə zərbə endirəcək və ölkədəki bütün fanatlara toxunacaq. Cəlb olunmuş klublar gələcək addımlara qərar verməzdən əvvəl azarkeşlərinə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir".

Makron Fransa klublarının imtinasını alqışladı
Fransa prezidenti Emmanuel Makron ölkənin futbol klublarının Avropa Super Liqasında iştirak etməməsinə münasibət bildirib. Makron onların qərarını dəstəklədiyini bildirib. "Ölkə prezidenti Superliqa layihəsində iştirakdan imtina edən Fransa klublarının mövqeyini alqışlayır. Bu layihə vəhdət prinsiplərinə təhlükə yaradır. Prezident birlik və idman prinsiplərini pozmağa təhlükə yaradan Superliqaya qatılmaqdan imtina edən Fransa klublarını dəstəkləyir. Fransa hakimiyyəti yerli federasiyanın, liqanın UEFA və FIFA-nın milli və ya Avropa miqyaslı yarışların bütövlüyünün müdafiəsi naminə bütün addımlarını dəstəkləyəcək", - deyə ölkə başçısının açıqlamasında vurğulanıb.

“Xalları silinsin, aşağı yerlərə göndərilsin”

İngiltərəli futbol mütəxəssisləri bunun böyük futbola ciddi ziyan vuracağını düşünür. İngiltərə yığmasının və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Superliqanın yaradılmasını biabırçı qərar adlandırıb. O, həmin turnirə qatılan komandaların ciddi cəzalandırılmasını istəyib: “Superliqa planı mədə bulandırıcıdır. 40 ildir “Mançester Yunayted” azarkeşiyəm. Dürüst olmaq lazımdırsa, sevimli klubum da daxil olmaqla bu günü zirvədəki klublardan almaq lazımdır. Bu, əsl acgözlülükdür. Həmin klub sahibləri acgözdürlər. Bu yüzillik klubları sevən və onlarla nəfəs alan azarkeşlər var. Koronavirus pandemiyası səbəbindən müflis olan klublar var. Superliqada iştirak edəcək klubların çempionatda xalları silinsin, aşağı yerlərə göndərilsin”.

“Bu, Avropa futboluna zərbə vuracaq məsuliyyətsiz qərardır”
Almaniya Futbol Liqası (DFL) Avropanın aparıcı klublarının yaratdığı Superliqaya münasibət bildirib. Qurum bunun dünya futbolunu böyük zərbə vurduğu qənaətindədir. “Almaniya Futbol Liqası hər hansı Superliqa konsepsiyasının əleyhinədir. İngiltərə, İspaniya və İtaliya klublarının iqtisadi maraqları ön plana çıxmamalı və Avropa futbolunun bütün sistemini dağıtmamalıdır. Bu, Avropa futboluna sonradan düzəldilməyəcək zərbə vuracaq məsuliyyətsiz qərardır. Buna görə də biz tamamilə UEFA-nın təşəbbüslərini dəstəkləyirik və belə turnirin yaradılmasını qınayırıq”.

UEFA-dan bəyanat - Superliqa iştirakçıları daxili birincilikdən çıxarılacaq
Yeni yaradılan Superliqa ilə bağlı UEFA, İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A seriyası birgə bəyanat yayıb. Adıçəkilən qurumlar həmin turnirə qatılacaq klubların ciddi cəzalandırılacağını bildirib. Hətta yarışda iştirak edəcək komandalar ölkə çempionatlarından da çıxarılmaq xəbərdarlığı alıb: “Avropa Superliqasına qatılacaq klublar daxili çempionatlardan çıxarılacaq. Bu layihə birliyə hər zamankından daha çox ehtiyat duyulduğu bir vaxtda yalnız bir neçə klubun xeyrinədir. Bunun qarşısını almaq üçün həm hüquqi, həm də idman prinsiplərinə uyğun tədbirlər görüləcək”.

PSJ Çempionlar Liqasının qalibi elan olunacaq?
Avropanın aparıcı klublarının Superliqa yaratması avrokubokların cari mövsümünün dayandırılması ilə nəticələnə bilər. FİFA və UEFA qaydalarına zidd gedən klublar Çempionlar Liqası və Avropa Liqasından dərhal kənarlaşdırılması gündəmə gəlib. UEFA hər iki turnirlə bağlı qərarı bu gün verməyi planlaşdırır. Yarımfinal mərhələsi ərəfəsində turnirlər ya ləğv ediləcək, ya da təxirə salınacaq. Çempionlar Liqasında yarımfinal oyunları 27-28 apreldə, Avropa Liqasında isə 29 apreldə keçiriləcək. Hazırda UEFA-nın nəzərdən keçirdiyi əsas variant isə Çempionlar Liqasında mövsümü yekunlaşdırmaqdır. Yarımfinalda oynamalı olan üç qiyamçı klub – “Real”, “Mançester Siti” və “Çelsi” UEFA bayrağı altındakı turnirlərdən xaric olunmalıdır. Nəticədə kubok yarımfinal və final keçirilmədən PSJ-yə təqdim ediləcək. UEFA-nın Avropa Liqası ilə bağlı planı da bəllidir. Superliqada oynamağa qərar verən “Arsenal”la “Mançester Yunayted” də bu turnirdən xaric ediləcək. Qiyamdan kənar qalan “Vilyarreal”la “Roma” arasında final görüşü ilə Avropa Liqasına yekun vurulacaq.

“Bu, baş tutmamalıdır” - Superliqaya qatılacaq klubun baş məşqçisi
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Superliqasının yaradılmasına münasibət bildirib.Almaniyalı mütəxəssis bu turnirin yaradılmasına qarşıdır. Klopp “qırmızılar”ın Superliqaya qatılma qərarını dəstəkləmədiyini etiraf edib: “Avropa Superliqası maliyyə baxımdan önəmlidir. Ancaq əsla baş tutmamalıdır. “Liverpul” və “Real”ın ardıcıl 10 il üz-üzə gələcəyi bir turnirdə həyəcanın qalacağını söyləyə bilmərik”.

Superliqaya etiraz - Mourinyonun istefa səbəbi
Joze Mourinyonun “Tottenhem”dən istefasının səbəbi bəlli olub. Portuqaliyalı mütəxəssis komandanı bugünkü səhər məşqinə çıxarmaqdan imtina edib. Mourinyonun bu addımı “Tottenhem”in Superliqaya qatılmasına etiraz xarakteri daşıyıb. Portuqaliyalı rəhbərlik etdiyi komandanın yeni turnirdə iştirakı ilə razılaşmayıb.

Sabah Konqres keçirəcək
Aprelin 20-də UEFA-nın sayca 45-ci Konqresi keçiriləcək. Konqresdə bir sıra məsələlərlə bağlı qərar qəbul olunacaq. Avropa futbolunun formalaşmasına kömək edəcək qərarların qəbulu üçün UEFA-ya üzv olan 55 assosiasiyanın prezidentləri və baş katibləri də Konqresə qatılacaqlar. Bunu nəzərə alsaq, AFFA prezidenti Rövnəq Abdullayev və baş katibi Elxan Məmmədov da tədbirdə iştirak etməlidir. Yığıncaqda UEFA İcraiyyə Komitəsi üzvlərinin və FİFA Şurasının Avropa üzvlərinin seçkiləri olacaq, Avropa Klublar Assosiasiyasının iki nümayəndəsi UEFA İcraiyyə Komitəsinin üzvü kimi təsdiqlənəcək. Həmçinin 2019/20 mövsümünün maliyyə hesabatının və 2021/22 mövsümünün büdcəsinin təsdiqlənməsi, eləcə də UEFA Əsasnaməsinə dəyişikliklər nəzərdə tutulur.

Superliqa iştirakçıları bütün beynəlxalq yarışlardan kənarlaşdırılacaq
Superliqada oynayacaq klub və futbolçulara ağır sanksiyalar tətbiq olunacaq. UEFA qiyamçı klublara qarşı sərt davranacaq. Bunu qurumun mətbuat xidməti açıqlayıb: “Superliqada iştirak edəcək istənilən klub və oyunçu UEFA və FİFA bayrağı altındakı qitə və beynəlxalq səviyyəli bütün yarışlardan kənarlaşdırlacaq”.

“Avropa çempionatına buraxılmayacaqlar” – Çeferin son sözü dedi
Avropanın nəhəng klublarının yaratdığı Superliqaya UEFA prezidenti Aleksader Çeferin də münasibət bildirib. Qitə futbol qurumunun rəhbəri bu təşəbbüsü qınayıb. Çeferin bu turnirə qatılacaq futbolçuları da hədələyib: “Qapalı çempionatda oynayan futbolçular dünya və Avropa çempionatında çıxış etməyəcəklər. Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”.

“Bu ideya uzağa getməyəcək” - Venger
“Bu, çox pis ideyadır. Futbol vəhdət təşkil etməlidir, ən önəmlisi budur”. Bunu FİFA-da futbolun inkişafı şöbəsinə rəhbərlik edən Arsen Venger deyib. “Arsenal”ın sabiq baş məşqçisi Avropa klublarının yeni yaratdığı Superliqaya münasibət bildirib: “Bu vəhdət idman prinsipləri və futbol tarixinə hörmətə əsaslanır. Şəxsən mən hesab edirəm ki, bu ideya uzağa getməyəcək”.

Superlıqaya gedənləri çempionatdan çıxarın! – Klubların istəyi
İtaliyanın üç klubunun Superliqaya qatılmasına həsr olunan A seriyasının fövqəladə yığıncağının detalları bəlli olub. “Yuventus”, “Milan” və “İnter”in alternativ turnirə qatılması çempionat iştirakçıları tərəfindən sərt qarşılanıb. Üç klub – “Atalanta”, “Verona” və “Kalyari” Superliqaya qatılan komandaların A seriyasından xaric olunmasını istəyib. Hərçənd həmin komandalar Superliqanın startına qədər ölkə daxili yarışlardan çıxmaq istəmir. “Yuventus”, “Milan” və “İnter” ümumilikdə 72 dəfə İtaliya çempionu olub.

Avropa Birliyi səssiz qalmadı
Avropa Superliqasının yaradılmasına etirazlar davam edir. Təkcə futbol ictimaiyyəti deyil, qitənin bir çox qurumu qiyamçı 12 klubun bu addımını pisləyib. Hadisəyə hətta Avropa Birliyi Parlamenti də münasibət bildirib. Bu qərarı qınayan Parlamentin İdman Komissiyası Superliqanın idman dəyərlərini pozacağını açıqlayıb. Tvente Universitetinin professoru Tsjalle van der Burq Avropa Birliyinin mövqeyini bildirib: “Avropa Birliyi Müqaviləsinin 101-ci maddəsinə görə, rəqabəti məhdudlaşdıran bütün hərəkətlər qadağandır. Avropa Birliyi rəqabət qanununa qarşı məhdud bir təşkilat olan Superliqanı qadağan edir”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı