“Əksər erməni Azərbaycanla yeni müharibə istəmir”

2 Mart 10:30 Gündəm 595
“Əksər erməni Azərbaycanla yeni müharibə istəmir”

“Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi.

Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi.

Bu o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib”.

Sportinfo.az xəbər verir ki, bu barədə siyasi ekspert Elxan Şahinoğlu Ermənistanda baş verənləri şərh edərkən bildirib.

O qeyd edib ki, buna baxmayaraq, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əskinə qarşıdurma güclənəcək:

“Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirməsi istəyi də bundan xəbər verir. O, Baş nazir kreslosunu Prezident kreslosuna dəyişmək istəyir. Çünki Baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən budur ki, Baş nazir Baş qərargah rəisini istefaya göndərə bilmir, Prezident də buna mane olur. Baş qərargahın rəisi Onik Qasparyan istefa vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına Baş qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və Baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik”.

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə qərar imzalayaraq, onu Prezident Armen Sarkisyana göndərib.

Sarkisyan isə öz konstitusiya səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı hökumət rəhbərinə geri qaytarıb.

Paşinyan ötən gün növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü