Prezidentin Şuşa mesajları: yaxındakı Xankəndiyə, uzaqdan “status” deyənlərə...

18 Yanvar 14:50 Gündəm 506
Prezidentin Şuşa mesajları: yaxındakı Xankəndiyə, uzaqdan “status” deyənlərə...

Ali Baş Komandan, Prezident İham Əliyev və ailə üzvlərinin Şuşaya səfərinin məğlub baş nazir Paşinyanın ailəsinin Ermənistandan didərgin düşməsi xəbərləri fonunda gerçəkləşməsi bu dünyada ilahi ədalətin olduğuna sübutdur.

Vaxtilə Şuşadan didərgin salınmış büstlərin də 28 il 8 aylıq ayrılıqdan sonra vətənlərinə qaytarılması təkcə tarixi ədalətin bərpası deyil.

Bu, həm də Şuşa qələbəsinin möhkəmləndiriməsi, daşlaşması, əbədiləşdirilməsidir. İlham Əliyevin Şuşa səfərində bütün açıqlamalarının ana xətti də bu idi: “Biz Şuşaya əbədi qayıtmışıq!”

İlham Əliyevin Şuşa və şuşalıların üzərində elə bir haqqı var ki, onu bir gecəlik qonaq qalmaqla qaytarmaq qeyri-mümkündür. İlham Əliyevin 39 il əvvəl qonaq olduğu şəhərə qalib komandan kimi qayıtmasını bəlkə də Allahın yazdığı tale yazısı kimi izah etmək olar. Amma Şuşanın düşməndən geri alınması razılaşaq ki, tale yazısından daha ötə, daha fərqli, bir az sirli və möcüzəvidir. Tarixdə Şuşanı işğaldan azad edən komandan kimi qalmaq İlham Əliyevin özü-özünə yazdığı taledir, özü-özünə açdığı Qələbə yoludur, bunun üçün sadəcə, prezident, ordu komandanı olmaq kifayət etmirdi. Şuşanı geri almaq fövqəladə hazırlanmış əməliyyat, fövqəladə zəka və iradə ilə mümkün oldu.

Müharibənin ilk günündən “Şuşasız bizim işimiz yarımçılıq olar” deyən Ali Baş Komandan Azərbaycanla bu tarixi, fövqəladə mənəvi və fövqəladə strateji şəhər arasında qırılmış bağı bərpa etdi. Azərbaycanın belini dikəltdi, xalqın qırılmış qürurunu bərpa, erməni lobbisinin isə 100 illik planlarını məhv etdi. Məhz Şuşa zəfəri ilə İlham Əliyev ümumerməni ideolojisinə elə bil zərbə vurdu ki, onilliklərlə bunun ağrısını çəkəcəklər. İlham Əliyev işğaldakı torpaqları azad etməklə və bu zəfəri Şuşa ilə möhürləməklə özünə erməni lobbisi, onların yandaşlarının simasında qəvi düşmən qazandı. Əvəzində isə Azərbaycan xalqının qəlbində və tarixində elə bir uca yerə yerləşdi ki, ona daha düşmənin əli çatmaz, ünü yetməz...

Prezidentin “dqr” “parlamentinin” Şuşada yarımçıq qalmış binasının qarşısında dedikləri bəzi ermənipərəst güclərin yenidən gündəmə gətirilməyə çalışdığı, xüsusən də üçtərəfli Moskva görüşündən sonra Ermənistan hakimiyyətinin də spekulyasiyaya çevirdiyi “status məsələsinə” də verilmiş tutarlı cavab oldu.

Sitata diqqət edək: “Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi”.

Prezidentin gecəni Şuşada qalmasının da sadəcə, bir gecələmə olmadığı aydındır. Prezident Vaqifin dağıdılmış məqbərəsi önündəki çıxışında əlini Xankəndi istiqamətinə uzadaraq, “burdasınız, yaxındasınız” dedi və revanşistlərə bu sözlərlə xəbərdarlıq etdi: “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”.

Bu, ilk növbədə hərbçi formalarını arada qara kostyumla əvəz edən “siyasətçi” Araik Arutyunyan və Vitali Balasanyan kimi “ordu qurmaq” fikrinə düşən quldurbaşlarına xəbərdarlıq idi. Azərbaycanın dövlət başçısının hər açıqlamasını diqqətlə izləyən bu cinayətkarlar şübhəsiz ki, gecə yuxularını qarışdırdılar. “Dəmir yumruğun” nə olduğunu hər ikisi yaxşı bilir- biri son anda Şuşadan qaçıb Xankəndidə gizləndi, o birisi Ermənistanda. İndi 11 kilometrlik aralıda yenidən dəmir yumruğu görmək və gecəni rus sülhməramlıların papağı altında olsa da, rahat yatmaq yəqin ki, asan olmayıb.

İlham Əliyev şəhidlərimizin qanı ilə müqəddəsləşmiş şəhərdə gecəni niyə qaldığının səbəbini dedi. İlk dəfə müstəqil Azərbaycanın Prezidenti Şuşaya gəlmişdi. Əlbəttə, dövlət başçısı hələ bu şəhərə çox gələcək, çox gecə qalacaq. Prezidentin məhz revanşist ermənilərə, torpaqları yenidən işğal etmək xülyasını zəhərli beyinlərindən atmayanlara xəbərdarlıq edib, gecəni Şuşada qalması anlamlı mesajdır. İlham Əliyev bu şəhərdə gecələyən müstəqil Azərbaycanın ilk Prezidenti kimi tarixə düşdü, amma verilən sətiraltı mesaj, məncə, daha böyük tarixdir.

İlham Əliyev bu şəhərə bir daha Azərbaycan adına sahibləndi, onun etibarlı əllərdə olduğunu, özünün dediyi kimi, “göz bəbiyi kimi” qorunduğunu göstərdi.

Bu yazıya səfərin yekunu olaraq prezidentin dediklərindən yaxşı sonluq ola bilməzdi: “Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!”

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti