Yığmamızın baş məşqçisi İKİBAŞLI DANIŞDI

10 Mart 2020 23:55 Güləş 837
Yığmamızın baş məşqçisi İKİBAŞLI DANIŞDI

“Məşqlərimizi davam etdiririk. Təlim-məşq toplanışı öz qaydasında gedir. Komandada əhval-ruhiyyə yüksəkdir.

İndidən Avropa Olimpiya Təsnifat turnirinə neçə faiz hazır olduğumuzu deyə bilmərəm. Bu barədə yarış ərəfəsində fikir bildirmək mümkündür".

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov komandanın hazırlığı və son vəziyyəti ilə bağlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Rusiyalı mütəxəssis milli üzvlərinin hazırlıq səviyyəsinin normal olduğunu bildirib: "Çalışacağıq ki, olimpiadaya lisenziyaları qazanaq. Ancaq bu lisenziyaların sayı ilə bağlı proqnoz verə bilmərəm.

Ümid edirəm ki, mümkün qədər çox vəsiqə əldə edəcəyik. İlk cəhddən 6 lisenziyanın hamısını qazanmaq çətin məsələdir. Hər halda, uşaqlar əllərindən gələni edəcək. Fikrimcə, hər şey yaxşı olacaq".

Baş məşqçi Hindistan yığması ilə birlikdə təlim-məşq toplanışı keçmələri barədə də danışıb. O bildirib ki, qonaq komandanın heyətində gənc güləşçilər üstünlük təşkil edir:

"Bizdə təcrübəli pəhləvanlar çoxdur. Əlbəttə, komandalar arasında səviyyə fərqi hiss olunur. Budapeştdə çıxışı nəzərdə tutulan güləşçilərin zədələrinin olmaması sevindirici məqamdır”.

Bu ilin ilk lisenziya yarışı - Avropa Olimpiya Təsnifat turniri 19-22 martda Macarıstanın paytaxtı Budapeştdə olacaq. Güləşin bu növü üzrə mübarizə yarışın son iki günündə baş tutacaq.

Hər çəkidə finalçıların Tokio-2020-yə vəsiqə qazanacağı turnirdə Azərbaycan millisi 60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq və 130 kq-da təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti