Mayın 14-də Makedoniya paytaxtı Skopyedə yeniyetmə güləşçilərin Avropa birinciliyi start götürəcək.
Sportinfo.az xəbər verir ki, yarışda hər 3 növ üzrə komandamız iştirak edəcəklər.
Proqramına əsasən, 14-16 mayda sərbəst, 16-18 mayda isə yeniyetmə qızlar mübarizə aparacaqlar. Yunan-Roma güləşçiləri isə mayın 18-20-də xalça üzərinə çıxacaqlar.
“Sərbəstlər”in heyətində Kənan Heybətov (45 kq), Əlihəsən Əmirli (48 kq), Riyad Aslanov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Turan Bayramov (65 kq), Rəşad Əzizov (71 kq), Fuad Mayılov (80 kq), Sənan Əlizadə (92 kq) və İslam Abuyev (110 kq) yer alıblar. Yığmaya böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyev rəhbərlik edəcəklər.
Görüşlərin idarə edən dəstədə 2-ci dərəcəli beynəlxalq hakim Vüqar Şükürov yer alacaq. Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya verir.
Yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq.
Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

