"Görünür, mənim də bu yaşda dərsə ehtiyacım var idi"

13 Avqust 2022 03:30 Güləş 1 125
"Görünür, mənim də bu yaşda dərsə ehtiyacım var idi"

"Öncə azarkeşlərə təşəkkür edirəm. ilk dəfədir bu cür tərəfdarlarla qarşılaşırıq.

Onların səsi mənə əlavə stimul verirdi. Azarkeşlərin dəstəyi hər zaman lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu V İslam Həmrayliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov jurnalistlərə açıqlamasında deyib.

82 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və üçqat Avropa çempionu yarışa optimal hazırlaşmadığını bildirib: "Fiziki göstəricilər və sağlamlıq vəziyyəti baxımından hazır deyildim. Amma burada çempion olmaq mənə nəsib oldu".

34 yaşlı idmançının sözlərinə görə, rəhbər şəxslər - gənclər və idman naziri Fəriq Qayıbov, onun müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov və baş katibi Azər Əliyevin zalda olması sevindirici haldır: "İdmançıların yanında olduqları üçün onlara təşəkkür edirəm. Əlbəttə, bu, birbaşa dövlətin siyasətidir. Gənc nəsil görsün ki, doğru yol haradadır".

O, finalda qırğızıstanlı Kalidin Asikeyev üzərində qazandığı əzmkar qələbəyə (6:3) də toxunub: "Mən 0:7 hesabı ilə uduzduğum görüşü qaytarmağa qadirəm. Güləş 6 dəqiqədir. Sona 1 saniyə qalmış da görüşün taleyini həll edə bilərsən. Həsən Əliyev dedi ki, tələsmə, artıq hərəkətə ehtiyac yoxdur, "passiv"i sən alacaqsan. Amma məşqçiyə qulaq asmadım və bir az tələsdim. Bu rəqibi udacağımı bilirdim. Çünki dünya çempionatında ona böyük üstünlüklə qalib gəlmişdim. Güləşdə belə hallar olur. Bunlar hamısı dərsdir. Fikirləşirəm ki, mənim də bu yaşda dərsə ehtiyacım var idi".

Hüseynov müasir güləş qaydalarına görə, əsasən təcrübəli idmançıların döşək üzərinə çıxdığını söyləyib: "Gənc idmançılar hələlik bu qaydalara tam uyğunlaşmayıblar. Sabah yığmanın ən perspektivli üzvlərindən Sənan Süleymanov və Murad Məmmədov güləşəcəklər. Eyni zamanda, olimpiya mükafatçımız Sabah Şəriəti mübarizə aparacaq. İstərdim ki, onlar da bizim nəticələrimizi təkrarlasınlar. Bir də Həsrət Cəfərov haqqında danışmaq istərdim. O da perspektivli idmançıdır. Onların hər birindən qızıl medal gözləyirəm. İnanıram ki, ümidlərimizi doğruldacaqlar".

Titullu güləşçi 10 - 18 sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakının sual altında olduğunu qeyd edib: "Zirvəyə çıxmağın marağı ondadır ki, hər zaman orada qala bilmirsən. Bəzən can atırsan, həsrətlə digərlərinə baxıb paxıllıq edirsən. İdmanda heç kim daimi deyil, məğlub olmayan yoxdur. Həkimlərin məsləhətinə baxacağıq. Hazır olsam, dünya çempionatında çıxış edəcəyəm. Bilirsiniz ki, 1 ay öncə çiynimdə ağır zədə var idi. Müalicə davam edir. Vətənə qayıdandan sonra həkimlərdən müəyyən göstərişlər olacaq".

Digər Xəbərlər
Xəbər Lenti