"Azərbaycandan qaçmamışam” - Millimizin sabiq qapıçısı

4 Sentyabr 2020 16:56 Futzal 1 156
"Azərbaycandan qaçmamışam” - Millimizin sabiq qapıçısı

Sportinfo.az futzal millimizin braziliyalı sabiq qapıçısı Laersio Buranellonun müsahibəsini təqdim edir:

– Millimiz AVRO-2022-nin seçmə mərhələsində Slovakiya, Moldova və Türkiyə – Yunanıstan cütünün qalibi ilə qarşılaşacaq. Ardıcıl altıncı dəfə qitə çempionatına vəsiqə qazana bilərik?

– Komandanız 100% Avropa çempionatına vəsiqə qazanacaq. Sizdə təcrübəli oyunçular var. Belə heyətlə seçmə mərhələdə mübarizə aparmaq çətin olmayacaq və növbəti dəfə Azərbaycan Avropa çempionatında yer alacaq.

– Sizin komandamızdan gedişinizdən sonra qapını Rövşən Hüseynli qoruyur. Onun oyununu necə dəyərləndirirsiniz?

– Çox yaxşı qolkiperdir. Ən əsası qapıda çox etibarlıdır. Ancaq məndən yaxşı deyil (gülür).

– 38 yaşınız var. Azərbaycana qayıtmaq barədə düşünürsünüz?

– Milli komandada oynamaqdan artıq söhbət gedə bilməz. Bu dövrüm artıq getdi. Ancaq Azərbaycanda idman fizeoterapevti işləyə bilərəm.

– Hazırda nə işlə məşğul olursunuz?

– Fransada həm oynayıram, həm də fizeoterapevt və köməkçi məşqçi kimi işləyirəm. Düzdür, Fransadan iki təklif almışdım, əvvəl imtina etmişdim. Çünki daha çox fiziki terapiya və bədən tərbiyə təliminə fikrimi kökləmişdim. Məsələn, pandemiyaya qədər Küveyt millisində işləyirdim. Orda məhz bu işi görürdüm. Pandemiya vaxtı isə Braziliyada mənə məxsus reabilitasiya klinikasını işlədirdim və regional liqalarda oynayırdım.

– Küveytdə niyə qalmadınız?

– Müqaviləm bitdi. Cəmi iki ay çəkdi və Braziliyaya qayıtdım.

– Azərbaycanla əlaqəniz var?

– Yox. Yalnız bəzən baş məşqçiniz Alesio ilə ancaq informasiya almaq üçün danışıram.

– Azərbaycanı qəfildən tərk etdiniz. Uzun illər sonra bəlkə bunun səbəbini açıqlayasınız.

– Azərbaycan möhtəşəm ölkədir. Orada çox şad idim. Mənim “Whatsapp” nömrəm hələ də Azərbaycan nömrəsidir. O ki qaldı oradan ayrılmağıma, deyildiyi kimi, mən Azərbaycandan qaçmamışdım. Mən indi də Azərbaycan üçün darıxıram, niyə oradan qaçım ki?!

Sadəcə, müqavilədə anlaşa bilmədik. O vaxt millidə və “Araz” komandasında seleksiya işinə baxan Maratla (sabiq futzal qapıçısı Marat Salyanskini nəzərdə tutur – red.) kiçik diskussiyamız oldu. Həmin diskussiya zamanı yeni şərtlərdə anlaşa bilmədik. Dörd il oynadığım Azərbaycan mənə doğma ölkədir.

– Mən elə həmin anlaşılmazlığı öyrənmək istəyirəm. Çox pul istədiniz, ya başqa səbəb vardı?

– Pula görə Azərbaycanı tərk etməmişəm. Mən ailəmi də Azərbaycana aparmaq istəyirdim. O dedi ki, bu mümkün deyil. Mən ailəmsiz bir il qalmışdım. Daha onlarsız dözə bilmirdim. Futzal Federasiyası isə məndən yalnız problemsiz oynamağımı istəyirdi. Mənim isə istədiyim yeganə şey həyat yoldaşım və oğlumu yanıma gətirmək idi. Onlarla qalmağa ehtiyacım vardı. Düzdür, Azərbaycandan qayıdandan sonra Braziliyada işsiz qaldım. Amma əsas odur ki, ailəmlə qaldım. Bu, mənim üçün mühüm idi (oxu.az).

Xəbər Lenti