”Bir məqsədimiz var: qrup qalibi olmaq və final mərhələsinə vəsiqə qazanmaq”

3 Sentyabr 2020 19:02 Futzal 1 266
”Bir məqsədimiz var: qrup qalibi olmaq və final mərhələsinə vəsiqə qazanmaq”

“Rəqiblərimizdən biri tam müəyyənləşməyib. Söhbət Türkiyə-Yunanıstan duelindən gedir. Bu cütün qalibi bizim qrupda yer alacaq”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli AÇ-2022-nin seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Qolkiper Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında 3-cü qrupda Slovakiya, Moldova, Türkiyə-Yunanıstan cütünün qalibi ilə qarşılaşacaq yığmamızın şanslarını dəyərləndirib:

“Hazırda Yunanıstan millisi inkişafdadır. Məşqçilər korpusunda braziliyalı mütəxəssis də var. Onların Türkiyə önündə şansı daha çox görünür. Slovakiya və Moldova haqda isə çox danışmağa ehtiyac yoxdur.

Son rəsmi oyunlarda hər iki komanda ilə qarşılaşdıq. Bakıdakı seçmə matçlarda həm Moldovanı, həm də Slovakiyanı məğlub etdik. Ancaq Slovakiya ilə 3 ay sonra Xorvatiyada yenidən rəqib olduq və bu dəfə duel heç-heçə başa çatdı.

Halbuki matçın gedişində məğlub duruma düşmüşdük və son saniyələrdə status-kvonu bərpa etdik. Həmin qarşılaşmada onlar bizdən heç də güclü deyildilər. Sadəcə, qrupdakı vəziyyəti oyuna köklənməyimizə mənfi təsir göstərdi”.

Hüseynlinin fikrincə, püşkün nəticəsi millimiz üçün uğurlu alınıb: “Digər qruplara da diqqət yetirsək, biz daha münasib rəqiblərlə qarşılaşacağıq. Reytinq baxımından da biz qrupun favoriti hesab edilirik.

Ancaq koronavirus pandemiyası ilə əlaqədar 6 aydır futzaldan uzaq düşmüşük. Bildiyiniz kimi, idman zallarının fəaliyyəti dayandırılıb.

Lakin legioner həyatı yaşayan komandamızın üzvləri oyunlar keçirirlər ki, bu da müsbət məqamdır. İstənilən halda, millinin bir məqsədi var: qrup qalibi olmaq və növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq”.

Xəbər Lenti