AFFA millinin baş məşqçisinin maaşından “kəsib”

15 İyun 2020 20:00 Futzal 771
AFFA millinin baş məşqçisinin maaşından “kəsib”

AFFA-nın İcraiyyə Komitəsi futbol liqaları ilə bağlı müvafiq qərarlar versə də, futzal diqqətdən kənarda qalmışdı.

Halbuki bu idman növündə də yüksək dəstə ilə yanaşı, birinci və ikinci divizion yarışları keçirilir, üstəlik, ölkə kuboku də var.

Nəhayət, futzal da yada düşdü.

Sportinfo.az xəbər verir ki, Futzal Federasiyasının iclasında martda yarımçıq dayandırılan turnirlərlə bağlı qərarlar qəbul olunub. Diqqətçəkən qərar birinci və ikinci liqalarda, eləcə də Azərbaycan kubokunda 2019/20 mövsümünün qaldığı yerdə başa çatdırılmasıdı.

Belədə ilk pillələrdə yer alan komandalar qalib adını qazanıb. Yüksək liqa ilə bağlı məsələyə isə Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.

Vəziyyətin bu cür olması qaranlıq məqamlara yol açmaqla ortaya müxtəlif suallar çıxarır. Yüksək liqanın taleyinə növbəti həftələrdə aydınlıq gəlməsi o deməkdi ki, çempionatın davam etdirilməsi qərara alınsa belə, elita təmsilçiləri məşqlərini bu ay bərpa edə bilməyəcək. Bu ayın sonu, gələn ayın əvvəli hazırlıqlara start verilsə, qalan 8 tur, üstəgəl, pley-off oyunları da keçirilsə, mövsüm avqustdan tez başa çatmayacaq. Bu isə heç bir halda mümkün deyil. Mütləq ki, bir çıxış yolu tapılmalıdı. Çıxış yolu isə 8 turu bərpa etmədən ilk “4-lüy”ün birbaşa pley-off mübarizəsinə başlamasıdı.

Bəs bu nə qədər real görünür? Ümumiyyətlə, mümkündümü? Yığmanın və “Araz”ın braziliyalı baş məşqçisi Joze Alesio da Silvanın futzalın gələcəyi ilə bağlı mövqeyi necədi? İclasdan öncə onunla əlaqə saxlayan, məsləhətləşən olub? Özünü dinləyək:

“Əlbəttə, qərarlarla tanışam. Açığı, iclasdan 2-3gün əvvəl federasiya prezidenti Zaur Axundovla söhbətimiz olmuşdu. Həmin vaxt mövqeyimi bildirmişdim. Məncə, aşağı liqaların başa çatdırılması normaldı.

Onsuz da vaxt yoxdu. Həm də onlar üçün avrokubok prinsipi önəmli deyil. Dünyada baş verən prosesləri siz məndən yaxşı bilirsiz. İzləyirsiz, oxuyursuz və özünüz də görürsüz ki, qarışıqlıq, pərakəndəlik hökm sürür.

Vahid sistem yoxdu, hər ölkənin federasiyası şəraitə uyğun sərfəli qərarlar qəbul edir. Hələ ki açıq havada məşqlərə icazə verilib. Yəni futzal komandaları zalda məşq edə bilməzlər. Burdan da həftəsonu qadağaları tətbiq olunmağa başlayıb.

Ona görə də necə olacağını özüm də bilmirəm. İlk növbədə dövlətin zallarla bağlı qərarını gözləməliyik. Hətta xoş xəbər alsaq belə, bunun zamanı da çox önəmlidi.

Belə deyim, zalların açılmasına bu ay içində icazə verilsə, iyunun 15-20-də məşqlərə başlamaq olar. Yox, gələn aya qalsa, yüksək liqanı bərpa etməyin mənası yoxdu. Təlim-məşq toplanışı üçün komandalara azı 3 həftə vaxt lazımdı. İyulda başlasaq, hazırlıq ayın sonuna qədər çəkəcək.

Daha sonra 8 tur və pley-off oyunları. Heç avqustda da bitirə bilməyəcəyik. Halbuki avqustda yeni mövsüm başlamalıdı. Bir çıxış yolu qalır. Vaxt azalmağa doğru getsə, birbaşa pley-offa start vermək və mövsümü uzağı avqustun ilk həftəsinə qədər başa vurmaq.

Başqa cür mümkün olmayacaq. Amma yenə deyirəm, zalların açılmasına dair qərar gecikdikcə, çempionatı bərpa etmək şansları azalır. Dediklərim təbii ki, bir mütəxəssis kimi şəxsi fikrimdi. Bəlkə də başqa cür düşünənlər var, yaxud fərqli qərarlar qəbul olunacaq”.

Təcrübəli mütəxəssisin AFFA ilə bağladığı müqavilənin müddəti mayda başa çatıb. O isə hələ də futzalın gələcəyi ilə bağlı danışır, planları götür-qoy edir.

Olmaya yeni anlaşmaya razılıq verib? Yoxsa mövsüm bitənə qədər pulsuz işləməyə razıdı? Hər halda, bu məsələyə də aydınlıq gətirməsini xahiş etdik:

“Bəli, müqaviləmin müddəti mayda başa çatıb. Lakin bu dəqiqə müqavilə havasında deyilik. Hamımızı düşündürən əsas məsələ ölkə futzalının gələcəyidi. İndi dövlətin və futzala cavabdehlik daşıyanların qərarlarını gözləyirik. İşlər yoluna düşəndən sonra oturub söhbət edəcəyik. Həm də lap getməli olsam belə, mümkün deyil, yollar bağlıdı”.

Xəbər verdiyimiz kimi, martdan bu yana premyer-liqada fasilə yaransa da, klublar məşqçi və futbolçuların aylıq maaşını verir. Görəsən, futzalda durum necədi? Alesio AFFA-dan müqavilədə göstərilən aylıq məvacibini ala bilir:

“Martdan bu yana iş yoxdu, evdə oturmuşam. Düzdü, maaşım verilir, amma tam yox. Bu dəqiqə dünyada iqtisadi böhran yaşanır, tək Azərbaycanda yox. Neftin qiyməti düşüb, müəyyən çətinliklər var.

Ona görə də maaşımın azaldılmasını anlayışla qarşılayıram. Hazırkı durumdan çıxaq, yəqin ki, düzələr. “Real”, “Barselona” kimi klublar maaşların 50-70 faizini “kəsir”. Səbrli olmaqdan başqa çarəmiz yoxdur” (Futbol+).

Xəbər Lenti