Ötən mövsümün əvvəlində futzal üzrə Yüksək Liqaya 2 iddialı komandanın qatılacağını eşitdikdə çox sevinmişdik.
Həqiqətən də futzal elitamızda debüt edən “İtaldizain" və “Marafon" son çempionata rəng qatdı.
Amma cəmi 1 mövsümlük. İlk cəhddən gümüş medalları qazanan və ölkə kubokuna sahib çıxan “Marafon" mövsüm bitəndən sonra “futzal qəbirstanı"nda gömüldü.
“İtaldizain"da onları tək buraxmadı. Azərbaycan futzalına xas olan tərzdə pullar xərcləndi, uğur qazanıldı və klublar dağıldı.
"Kiçik futbol"un böyük dərdləri
Yenə heç olmasa futbol sahəsində fəaliyyət göstərən klubların görüntü üçün aşağı yaş qrupları üzrə komandaları fəaliyyət göstərir, futzalda isə heç o da yoxdur. Ümumiyyətlə, 15 ilə yaxındır ki, futzalçı yetişməyən bir ölkədə futzalın özünün olması belə böyük uğur hesab edilməlidi.
Ötən il Fuad Rzayevin rəhbərliyi altında futzal üzrə 17 yaşlılardan ibarət yığma komandamızın çıxışını yada salaq. 2018-ci il 6-18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının seçmə mərhələsində bu komandanın 3 oyunda qapısından 39 top buraxması Azərbaycanda uşaq futzalının yoxluğunu bir daha sübut etdi.
Azərbaycanda futzala ancaq futboldan bezənlər, qəlbi qırılanlar, şans qazanmayanlar, yaşıl meydanlarda “naxışı" gətirməyənlər ayaq açır. Bu, nə qədər davam edəcək, dəqiq bilən yoxdur.
Ötən mövsüm ərzində baş verən “çp"lər haqqında mətbuatda çox yazıldı. Gah adı iştirak ərizəsində olmayan oyunçu meydana çıxdı, gah komanda görüşə gəlmədi, matçların yeri və saatı tez-tez dəyişdirildi, səbəb olmadan qarşılaşmalar təxirə salındı. 7 komandanın iştirakı ilə baş tutan futzal çempionatının turnir cədvəlində əndrabadi vəziyyət yarandı. Bir sözlə, ötən mövsüm Yüksək Liqada baş verənlər bazarı xatırlatdı.
Federasiyanın yarıtmaz işinin fonunda isə başqaları əziyyət çəkməli oldular. Son zamanlar ölkəmizdə böyük vüsət alan həvəskarlar arasındakı futbol turnirlərində limitə düşən futzalçıları təyin etmək müşkül məsələyə çevrildi.
Kimi gəldi oyuna buraxan Azərbaycan Futzal Federarsiyasının rəsmiləri sonda buna görə AFFA-nın baş katibi Elxan Məmmədovun qəzəbinə tuş gəldilər. Axı, bəzi həvəskarlar arasında mini-futbol turnirləri birbaşa baş katibin istəyi ilə həyata keçirilir.
Belə olan təqdirdə Məmmədovun “qara siyahı"sına düşənlər öz postları ilə də vidalaşmalı oldular. Futzal Federasiyasında hökm sürən xaosa əl qatan baş katib sonda bura öz adamını təyin etdi. Federasiyaya AFFA tərəfindən Yarışların Təşkili və Keçirilməsi şöbəsinin kuratoru kimi Zaur Hacı-Məhərrəmov təyin edildi. Qurumun rəhbər postlarına da yeni adamlar gətirildi.
Uzun illərdir Azərbaycan futzalının ağsaqqalı rolunu oynayan Ağarza Rzayev, ölkəmizdə “sehrli parket" oyununun inkişafı üçün mühüm işlər görən “Fənər" Futzal Klubunun prezidenti və Azərbaycanda yeganə uşaq-futzal məktəbinin təsisçisi Turqay Fərzəliyevə federasiyada vəzifə verildi.
Xəyalları puç edən “Marafon"
Son illər ölkə kubokunda at oynadan “Araz" axır ki, ötən mövsümdə məğlub oldu, özü də debütanta. “Olimpik Star"da baş tutan qarşılaşmada “Marafon" sözdə Naxçıvan təmsilçisini yerlə-yeksan etdi.
Ancaq bu mövsümün əvvəlində məlum oldu ki, iddialı “Marafon" mövsümboyu böyük pullar xərcləyib, əvəzində 13 manatlıq kuboku mükafat kimi almaq fikrindən uzaqdı.
Stimul olmayan yerə isə kimlərisə cəlb etmək müşkül məsələdi. Hamı düşünürdü ki, bu mövsüm “Marafon" çempionluq yarışında “mən də varam" deyəcək. Olmadı, alınmadı.
Çempionun “Rizvan oyunu"
Yeni mövsümdən etibarən “Araz"ın hegemonluğunun davam edəcəyini düşündüyümüz anda, məlum oldu ki, Azərbaycan Futzal Federasiyasının prezidenti və Naxçıvan klubunun himayədarı Zaur Axundov əvvəlki kimi pulları sağa-sola xərcləmək fikrindən uzaqdı.
Axundovun ilk işi braziliyalıları göndərmək oldu. Komanda bəh-bəhlə heyətinə cəlb etdiyi iki braziliyalıdan yaxa qurtarmaqla yanaşı, heyətdə olan bütün gəlmələrə də qapını göstərdi. “Araz"la yanaşı milli komandamızın da şərəfini qoruyan Edu, Qallo və Tyaqo Azərbaycanı tərk etdi. “Araz" Joze Alesio Da Silvanın bəyənmədiyi yerli futzalçıların ümidinə qaldı.
Azərbaycan çempionunun düşərgəsində braziliyalıların getməsi ilə yanaşı, daha bir gözlənilməz hadisə yaşandı. “Araz" milli komandamızın kapitanı Rizvan Fərzəliyevlə müqavilə müddətini uzatmadı.
Onun xidmətlərinin qarşılığında “sağ ol"a belə layiq görülməyən təcrübəli futzalçı özünə yeni klub axtarmağa başlaması ilə Axundovun büdcəni azaltması üst-üstə düşdü. Bu zaman Rizvan yenidən yada düşdü. Çempionluq yarışında mübarizə aparacağı rəqiblərinin güclənməsini istəməyən Joze Alesio Rizvanın geri qaytarılmasına nail oldu.
Beləliklə “sonuncu mogikan" yenidən “yuvaya" döndü. Bu dəfə onun işi daha çətindir. Fərzəliyev ilk dəfədir ki, çempionluq yoluna azərbaycanlı futzalçılarla çıxır. Düzdür, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov, Nihad İsmayılov sayılıb-seçilən futzalçılardandı. Ancaq “Araz"ın braziliyalılarsız çətinlik çəkəcəyi dəqiqdir. İlk turda “Yasamal" FK ilə 4:4-lük heç-heçə dediyimizə sübutdur.
Pusquda dayanan “Neftçi"
Bütün ölkə çempionatlarında iştirak edən yeganə komanda “Neftçi" uğursuz çıxışı ilə yadda qaldı. İlqar Aslanovun rəhbərlik etdiyi “Neftçi” ötən çempionatda özünə bənzəmirdi. Ardıcıl məğlubiyyətləri sıralayan “neftçililər" sonda turnir cədvəlində EKOL-la yanaşı, debütantları da özündən irəli buraxdı.
Heyətinə ilk dəfə olaraq iranlı futzalçıları cəlb edən paytaxt təmsilçisi axırda onlardan yalnız birini saxladı. Bu mövsüm isə “iştah diş altındadır" devizi ilə yola çıxan komanda “Araz"ın zəifləməsindən istifadə edib axır ki, uzun illərdir həsrətində olduğu qızıl medalları qazanmaq niyyətindədi. “Neftçi"nin heyətinə cəlb etdiyi yeni iranlı legionerlərin nəyə qadir olduğunu isə çempionat matçlarında görəcəyik.
Vaxtını gözləyən EKOL
Son illər Yüksək Liqada stabil çıxışı ilə ad çıxaran EKOL da növbəti mövsümdə finişə hamıdan birinci gəlmək üçün çalışacaq. Məşqçi-oyunçu Radik Əhmədovun göstərişlərini həyata keçirməyə çalışan “zavod komandası" ötən mövsüm “Marafon"u özündən irəli buraxaraq, bürünc medalla kifayətlənmişdi.
Komanda yeni mövsümə cəmi bir transferlə başlayacaq. Bu, keçən il “İtaldizain"ın formasını geyinən, vaxtilə yığmamıza cəlb edilən təcrübəli oyunçu Faiq Əliyevdir. Stabil çıxışı ilə ad çıxaran bu klubun heyətində Namiq Məmmədkərimov, Fərid Atakişiyev, Fərid Ələkbərov kimi usta futzalçılar da yer alır.
Yeni mövsümün yenilikləri
Cari mövsüm Yüksək Liqada bir neçə yeni klubun çıxışını izləmək imkanımız olacaq. Uzun müddətdir futzal elitasında çıxış edən “Yasamal" bu dəfə Yüksək Liqada iki klubla təmsil olunacaq - “Yasamal” FK və “Yasamal” İSK. Onlara “Xəzər Cənub" və “Liman" qoşulub.
Sonda, federasiyaya yeni yönətimin gəlməsi ilə çempionatın formatındada müəyyən dəyişikliklər edilib. Yüksək Liqada 2018/19-cu illər mövsümünün püşkatma mərasimində məlum oldu ki, oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq.
Yekunda ilk 4 (1-4, 2-3) yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlubları isə bürünc medalın sahibini müəyyənləşdirəcək oyunda iştirak edəcək. EKOL birinci turu buraxdı. Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək (“Het-trik news” qəzeti).
Araz ƏHMƏDOV

