“Liderliyi bu oyunda həll etmək istəyirik” – Yığmamızın qapıçısı

31 Mart 2021 21:20 Futzal 912
“Liderliyi bu oyunda həll etmək istəyirik” – Yığmamızın qapıçısı

“Zədəm sağalıb, heç bir ağrı hiss etmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Emin Kürdov deyib.

Avropa çempionatının seçmə mərhələsinin Slovakiya yığması ilə oyununa hazırlaşan millimizin qapıçısı azfutzal.az-a açıqlama verib.

Zədəli olduğuna görə Moldova ilə qarşılaşmanı buraxan qolkiper artıq problemi arxada qoyduğunu qeyd edib: “Təxminən 20 günlük fasilədən sonra komanda ilə birgə məşqlərdə iştirak edirəm, iki tərəfli oyunlarda qapıda dayanıram.

Əsas çətinlik oyun təcrübəsinin olmaması ilə bağlıdır. Məşqlərdə iştirak edirəm, amma qapını hiss etmək və koordinasiya ilə bağlı çətinliyim var. Bu da tədricən düzələcək”.

Təcrübəli qolkiper komandada ab-havanın yaxşı olduğunu da vurğulayıb:

“Komandada ab-hava yaxşıdır. Məşqlərdə hər kəs həvəslə çalışır. Düzdür, hazırda tam heyətlə məşq keçmirik. Çünki ölkə xaricində çıxış edən futzalçılarımız hələ komandaya qoşulmayıb.

Onlar sabah başlayacaq toplanış müddətində Bakıya gələcəklər. Komanda tam komplektləşdikdən sonra hər şey bilinəcək”.

O, Slovakiya ilə oyuna ancaq qələbə qazanmaq üçün yollanacaqlarını bildirib: “Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etsək də, məsələ bizim üçün yekunlaşmayıb.

Son 2 oyunda da maksimum xallar qazanmaq üçün mübarizə aparacağıq. İstəyirik qitə birinciliyinə qrup lideri kimi yollanaq.

Bu məqsədə Slovakiyada çatmalıyıq. Top yumru, meydan isə düzdür, bəzən hər şey istədiyin kimi getmir. Ona görə daha bir limitimiz olacaq.

Söhbət Bakıda keçirəcəyimiz Yunanıstan yığması ilə görüşdən gedir. Doğma meydan amili oyunlarda bizə hər zaman üstünlük verir. Ancaq bu son variantdır.

Biz liderliyi Slovakiya yığması ilə oyunda həll etmək istəyirik. Həm də qazanılan hər bir qələbə bizə reytinq xalı gətirir. Ona görə stimul hər zaman var”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı