"İndi Bakıda hər kəs bizdən məmnundur - Qətiyyən elə olmayacaq"

12 Mart 2021 22:40 Futzal 700
"İndi Bakıda hər kəs bizdən məmnundur - Qətiyyən elə olmayacaq"

“Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız münasibətilə ilk növbədə komanda yoldaşlarımı və texniki heyətimizi təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin hücumçusu Tyaqo Bolinya deyib.

Braziliyalı oyunçu Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında komandanın qitə Moldova üzərində səfər qələbəsi qazanaraq (5:3) qitə birinciliyinə vəsiqə qazanmasına münasibət bildirib:

“Əlbəttə, Moldova ilə son görüşümüz çox çətin keçdi. Rəqib yaxşı oynadı. Bizim üçün vacib olan nəticə idi, onu da əldə etdik.

Moldovaya qarşı Bakıda daha yaxşı oynamışdıq. Hakimlərin də müəyyən qədər onlara simpatiyası var idi”.

Bolinya qrup mərhələsini birinci pillədə başa vurmaq istədiklərini vurğulayıb: “Hazırda birinci pillədə yer almışıq. İndi qalan iki oyunda qələbə qazanmalıyıq ki, həm yerimizi təmin edək, həm də maksimum xal toplayaq.

Yəni bizim üçün mübarizə başa çatmayıb. Yəqin fikirləşən olacaq ki, məqsədimizə çatmışıq, qalan matçları zəif keçirəcəyik. Qətiyyən elə olmayacaq. Slovakiya ilə onların meydanındakı oyunumuz bilirik ki, çox çətin keçəcək”.

Milliləşdirilmiş futzalçı uğurlu nəticənin azarkeşləri də sevindirdiyini deyib: “İndi Bakıda hər kəs bizim uğurumuzdan məmnundur. Azarkeşlərimizi təbrik edirəm.

Pandemiya ilə əlaqədar zallara tamaşaçı buraxılmasa da, bilirəm ki, Azərbaycanda bizi sevənlər çoxdur. Biz də onları bu uğurla sevindirdiyimizə görə şadıq”.

O, Avropa çempionatının final mərhələsi barədə hələ düşünmədiklərini əlavə edib: “Təbii ki, final mərhələsi çətin keçəcək.

Ancaq ona qədər hələ 2 rəsmi oyunumuz var. Bu mərhələ başa çatdıqdan sonra həlledici mərhələ haqda fikirləşmək olar. Mütləq şəkildə yaxşı hazırlıq keçməliyik”.

Xəbər Lenti