Əvəzedicilərin çempionatının 22-ci turunun “İnter” – “Sumqayıt” matçı təkcə meydan sahiblərinin gözlənilməz məğlubiyyəti (2:3) ilə yadda qalmamışdı. Daha doğrusu, baş məşqçi Fizuli Məmmədovun qanını qaraldan təkcə məğlubiyyət deyildi.
Belə ki, əsas komandadan əvəzedicilərə cəlb olunan Qara Qarayev gözlənilən effekti vermədiyi üçün baş məşqçi onu əvəzləmişdi. Oyunun davamını meydanın kənarında izləyən Qara isə əvəzlənməsinə etiraz olaraq “Sumqayıt”ın vurduğu qolu alqışlamışdı.
Epizodu görən Məmmədov futbolçunu komandadan kənarlaşdırmış, gördüklərindən təsirləndiyini gizlətməmişdi. Sonradan özü ilə danışanda məlum olmuşdu ki, Qarayev haqda qərar klub rəhbərliyi ilə görüşdən sonra veriləcək. Həmin vaxtdan iki həftədən də artıq vaxt keçməsinə baxmayaraq, hansısa yenilik yoxdu. Sanki belə bir olay yaşanmayıb. Nə klubun rəsmi saytında, nə də rəhbərliyin mətbuata açıqlamasında...
Klubun susduğunu görüb məsələni yenidən gündəmə gətirdik. Bu üzdən mətbuat katibi Səbuhi Məmmədovu arayıb, “Qara Qarayevin aqibəti necə oldu, hansısa cəza tədbiri görüldü və ya görüləcək” sualına cavab tapmağa çalışdıq. Eşitdiklərimizdən xeyli təəccübləndik. Əminik ki, oxuyanda siz də şoka düşəcəksiz (Futbol+):
“Qaray ilə söhbət oldu və futbolçu hərəkətinin yanlış anlaşıldığını bildirdi. Dedi ki, heç vaxt rəqibin vurduğu qola sevinmərəm, sevinməmişəm də. Ona görə də hansısa pul cəriməsi, yaxud başqa cəza tədbirlərindən danışmaq olmur.
Günahı sübuta yetirilməyən futbolçunu cəzalandırmaq, sizcə, nə dərəcədə mümkündü? Baş məşqçi bir söz deyir, futbolçu başqa söz. Videogörüntü? Bəli, oyun lentə alınırdı. Amma Qaranın durduğu yer və o hərəkəti edib-etmədiyi görünmür. Belədə komandada qalıb məşqlərini davam etdirəcək”.

