Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil

21 Yanvar 2019 12:36 Əvəzedicilər 796
Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yollarını ayırmaq istədiyi Con Delarj Qurban Qurbanovun göstərişinə uyğun olaraq əvəzedici komandaya göndərilib.

Real təklifi olmayan, ağdamlılarla yolunu ayırmaq istəməyən konqolu futbolçu qaydalara uyğun addım atmaqda maraqlıdı ki, baş məşqçi də buna uyğun davranır.

Konqo yığmasına müntəzəm dəvət alan Delarjın indiki məqamda millini və karyerasını yox, müqavilə şərtlərini, dəqiq desək, pulu düşünməsi gün kimi aydındı.

Adam müqaviləsinin qalan 1,5 ilini əvəzedici komandada keçirməyə razıdı. Təki klubdan ona söz verilən maaşa sahib olsun.

Əslində Qurbanovun planlarına daxil olmayan yeganə legioner o deyil. Təcrübəli mütəxəssisin əlacı olsa, Hannes Halldorsson, İnnosent Emeqara və Simeon Slavçevi da əvəzedici heyətə göndərər.

Əsas sual da bu məqamda yaranır: niyə başqaları yox, məhz Con Delarj? Əldə etdiyimiz məlumata görə, baş məşqçi ilə futbolçunun münasibətlərinin soyumasında əsas səbəb heç də onun özünü sübut edə bilməməsi yox, xarakterindəki qüsurlardı.

Komanda yoldaşları ilə belə danışmayan, məşqçilər heyətindən uzaq gəzən, özünü ayrı respublika gözündə görən qaradərili ümumi ab-havadan geri qalır.

Müqavilə şərtlərinin qarşılıqlı razılıq əsasında pozulması, belə deyək, “Qarabağ”dan ayrılması ilə bağlı müzakirələrdə iştirak etmək istəməyən, bütün məsuliyyəti agentinin üstünə atan Con bununla da özünü gözdən salıb.

Belədə əsas komandada qalmasının ümumi ab-havaya təsir edəcəyini düşünən Qurban Qurbanov onu əvəzedici komandaya göndərmək qərarına gəlib.

Məsələ ilə bağlı “qəhrəman”ın yığma və gələcək kareyrası ilə bağlı fikirlərini öyrənmək maraqlı olardı (Futbol+).

Ünsiyyətdən qaçan futbolçunun dedikləri bunlar oldu: “İndiki vəziyyətdə yığmaya çağrılmaq çətin məsələdi.

Onsuz da Azərbaycanda oynayandan millidə elə də çox şans qazanmıram. Baş məşqçinin qərarına və müqavilə şərtlərinə hörmətlə yanaşıram.

Bəli, əvəzedici komandaya göndərilmişəm, buna da normal yanaşıram. Peşəkar futbolçu kimi işim mənə deyilənə əməl etmək, məşq və oyunlarda komandama kömək etməkdi. Bu qədər”.

Artıq Bakıda olan Con məntiqlə, əvəzedicilərin dünən səhərki məşqində iştirak etməliydi. Bu məqsədlə “ikincilər”in baş məşqçisi Azər Məmmədovla əlaqə saxladıqla məlum oldu ki:

“Az öncə məşqimiz başa çatdı. Delarj da sərəncamımda idi. Bakıya səhər saat 5-də çatmasına baxmayaraq, əsl peşəkar kimi davranıb özünü məşqə çatdırdı.

Açığı, yorğun görünmürdü. Digər futbolçular kimi can-başla çalışır, tapşırıqlarımı yerinə yetirirdi. Əslində onun bizimlə olması yaxşı haldı.

Gənc futbolçuların ondan öyrənməli olduğu şeylər var. Hansı müddətə qədər qalacağını deyə bilmərəm.

Qərarı əsas komandanın baş məşqçisi Qurban Qurbanov verir. Ona görə də çempionat oyunlarında iştirak edib-etməyəcəyi haqda söz demək çətindi”.

Maraq üçün qeyd edək ki, Conun xidmətində maraqlı olan klub tapılsa, “Qarabağ” onu pulsuz – müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verməklə buraxmağa hazırdı.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu