"Qəbələ" doğru etdi

6 Avqust 2018 15:48 Əvəzedicilər 871
"Qəbələ" doğru etdi

«Qəbələ» ötən həftəsonu gündəmi dəyişdi.

Ortamı silkələyən addım əvvəzedicilərlə bağlıdı.

Əyalət klubu «dubl»unun I Divizionda iştirakını məqbul hesab etmir və bunun üçün bir çox səbəb gətirir. Maliyyə problemindən tutmuş, zaman və limit məsələsinə kimi.

Əvəzedici komandasının birinci dəstədə yarışmasında heç bir məna görməyən Premyer Liqanın gümüş medalçısı, bununla, AFFA İcraiyyə Komitəsinin yaxınlarda verdiyi qərarların yanlışlığını əsaslandırır.

İstər vitse-prezident Fariz Nəcəfovun, istər baş menecer Zaur Əzizovun, istərsə də klubun rəisi Səbuhi Səfiyarlının səsləndirdiyi fikirlər ciddi məntiqə söykənir.

Doğrudan da, «Qəbələ»nin qərarında qeyri-adi, yaxud təəccüblü nəsə yoxdu. Düzgün qərardı. AFFA-nın İcraiyyə Komitəsi mayda belə bir qərar qəbul etsəydi və «Qəbələ» üstündən 2 ay keçəndən sonra bu bəyanatı versəydi, təbii ki, buna münasibət birmənalı olmayacaqdı.

İndi heç kim «Qəbələ»nin üstünə gedə bilməz. Çünki klub olaraq müstəqildilər, seçim etmək haqlarıdı. İK yeni mövsümün startına az qalmış əvəzedicilərlə diviziondakıların bir çempionatda birləşməsini qərara almaqla səhvə yol verib.

Əvvəla, doğru zaman seçilməyib. İkincisi də bu iki çempionatın birləşdirilməsi yanlışdı. «Qəbələ» həmişə çalışıb ki, AFFA ilə yola getsin.

Qalmaqaldan qaçan klubdu. Gördüyüm qədəri ilə heç vaxt istəməyiblər ki, adları belə şeylərdə hallansın.

Görün, artıq vəziyyət nə yerə gəlib çatıb ki, «Qəbələ» etiraz bildirir. Bunun bir çox səbəbi ola bilər, amma mən məsələnin kökünün yalnız maliyyə çatışmazlığından qaynaqlandığını düşünmürəm. Təbii, bu da var, sadəcə, üst-üstə yığılan narazılıqlar özünü bir formada büruzə verməli idi.

«Qəbələ» uşaq futboluna ən çox diqqət ayıran klubların başında gəlir. 10 ildən artıqdı bu sahəyə milyonlarla vəsait xərcləyirlər. «Qəbələ»nin klub olaraq varlığı ən çox federasiyanı maraqlandırmalıdı.

İki-üç ildi ki, «Qəbələ»nin ətrafında çoxlu söz-söhbətlər gəzir. Hər fəsildə eşidirik ki, büdcə azaldılıb. Bu minvalla, 6 aya, 1 ilə tam olaraq fəaliyyətini dayandırmaq təhlükəsi qapını kəsdirəcək.

Son illərdə «Qəbələ» millilərə ən çox futbolçu yetişdirib verən klubdu və AFFA əlindən gələn köməyi onlara etməlidi. Aşağı yaş qrupları üzrə yığmaların bazasını faktiki olaraq «Qəbələ» təşkil edir.

Əgər o cür şəraitə, infrastruktura malik, güclü akademiyası olan klub əvəzedici komandasının ləğvinə hazırlaşırsa, federasiya seyrçi qalmamalıdı. Həm çempionatları birləşdirmək qərarına, həm də limitə yenidən baxmalıdı.

«Qəbələ» demir, mənim nazımla oynayın. Bunu keflərindən eləmirlər. Premyer Liqanın əksər iştirakçıları federasiyadan asılıdı. Komitənin son qərarları, əslində, onların da ziyanınadı. Maliyyə mənbələri neft şirkəti olduğundan, hamısı palaza bürünüb elnən sürünür.

Futbolumuz axır 6-7 ildə «Xəzər Lənkəran», «Bakı», «Simurq», «Turan» kimi klubları itirib. «Qəbələ» də futboldan çəkilsə, mən bu sahənin uzun illər özünə gəlməyəcəyini, daha da bataqlığa yuvarlanacağını düşünürəm.

İLKin

Xəbər Lenti